Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsinin ən təsirli hekayələrindən biri də İman və Bəhrəm Məmmədzadələrlə bağlıdır. Onlarınkı uşaqlıqdan, təhsil illərindən, tələbəlikdən başlayıb 44 günlük savaşda çiyin-çiyinə döyüşməklə davam edən bir qardaşlıq hekayəsidir... Şəhid qardaşların həyatında hər şey bərabər olub.
BAKU.WS xəbər verir ki, İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədov övladları ilə son telefon söhbəti, döyüş yolu barədə xatirələrini Modern.az-la bölüşüb.
"Şəhidin son fotosu" rubrikası bu dəfə İman və Bəhram Məmmədzadələrə həsr olunub.
Şəhid atası oğullarının şücaətindən qürur duyduğunu və iki qardaşın bir-birinə bağlılığını xüsusi vurğulayıb.
"Son fotonu onlar evdən ayrılıb müharibəyə yollananda çəkdirmişdik. Mən həmişə oğullarımla fəxr etmişəm. Həmin gün də fəxr edirdim, indi şəkillərə baxanda da fəxr edirəm".
Elman Məmmədov bir-birindən ayrılmayan iki oğlunun ömür yolundan qururla danışır:
"Onlar Rusiyada oxumuşdular. Biz onlardan çox vaxt uzaq qalmışıq. Analarına çox bağlı idilər. Müharibəyə birgə yollandılar, təhsil dalınca getdikləri kimi...
Müharibə zamanı hər gün analarına görə zəng edir, yaxşı olduqlarını deyirdilər. Ancaq bu zənglər cəmi 30 gün çəkdi".
Elman Məmmədovun sözlərinə görə, oğulları ilə sonuncu dəfə elə şəhid olduqları gün danışıb və günün ikinci yarısında qardaşlar şəhadətə ucalıblar:
"Biz həmin gün telefonda danışdıq. Dəfələrlə, bu cümləni dedilər: "Ana sənə əmanətdir, ata, qismət olsa, görüşəcəyik".
Bizim danışığımızdan bir qədər sonra şəhid olublar. Xocavəndin Qırmızı Bazar istiqamətində bir yüksəklik var, oraya qalxanda mühasirəyə düşüblər. 14 nəfərlik heyətdən 11 nəfəri şəhid olub.
Mənim igid oğullarım 44 günün 30 gününü çiyin-çiyinə döyüşdülər, qucaq-qucağa şəhid oldular.
Onların körpəliyi də, təhsil aldıqları dövr də, tələbəlik illəri də, əsgərlik həyatı da, döyüşü də bir yerdə oldu. Qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. Onlar Azərbaycana, tariximizə əsl qardaşın necə olduğunu anlatdılar. Qardaşlıq salnaməsi yazdılar".
İman Məmmədzadə 1998-ci il sentyabrın 14-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub.
Bəhrəm Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub.
Ölümlərindən sonra qardaşlar Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif ediliblər.
Oxşar xəbərlər
Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA
Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağı...