Bu halda ağacların budağını kəsib yandırmaq lazımdır - Ekspert XƏBƏRDARLIQ ETDİ

Son günlər paytaxt Bakıda və bölgələrdə ağ Amerika kəpənəklərinin çoxalması vətəndaşlar arasında ciddi narahatlıq yaradıb. Həyətyanı sahələrdə, ağacların budaqlarında və bitkilərdə sürətlə yayılan bu həşəratlar artıq evlərə, mənzillərə qədər dolur.
Bəs görəsən Ağ Amerika kəpənəkləri ilə ev şəraitində mübarizə aparmaq mümkündür? Onların qarşısını necə alaq?
Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağının aqronomu Asif Mehrəliyev BAKU.WS-in suallarını cavablandırıb.
O bildirib ki, havaların isti keçməsi səbəbilə bu il Ağ Amerika kəpənəkləri üçüncü nəsili verib və çoxalıb:
"Amerika ağ kəpənəyi əsasən 2 nəsil verir. Bəzi hallarda hava şəraitindən asılı olaraq 3-cü nəsli də verə bilir. Biz bu il havaların isti keçməsi və yağmurların olmaması səbəbilə bunu müşahidə etdik".
Aqronomun sözlərinə görə, bu həşəratlarla ev şəraitində mübarizə aparmaq qeyri-mümkündür:
"Təqribən 10 gündür ki, ağ Anerika kəpənəyi yayılıb. Hesab edirəm ki, bu həşəratlara qarşı fərdi mübarizə aparmaq mümkün deyil. Bu kəpənəyin tırtılları adətən budaqlarda koloniya şəklində yaşayırlar. Həmin budaqları dibindən kəsib, yandırmaq və ya basdırmaq lazımdır. Çoxalıbsa bu zaman ancaq kütləvi şəkildə dərman preparatları ilə mübarizə aparmaq lazımdır".
Ekspert onu da vurğulayıb ki, artıq bu həşəratların son günləridir. Havalar bir az sərinləsə və ya yağış yağsa həşəratlar məhv olub gedəcək.
"Növbəti ilin may ayından biz bu həşəratları diqqətdə saxlamalıyıq, bütün şəhərdə kütləvi mübarizə aparmalıyıq. Belə həşəratların qarşını tək bir bağı dərmanlamaqla almaq qeyri-mümkündür", - deyə Asif Mehrəliyev qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əl...
