Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
Sosial 122

Sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 513 698 şagird təhsil alacaq. I sinifdə 46 098, IX sinifdə 44 223, X sinifdə 35 757, XI sinifdə 32 260, XII sinifdə 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacağı gözlənilir.

Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Son xəbərlər