Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanına həsr edilmiş kitabın təqdimatı olub - VİDEO

Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanına həsr edilmiş kitabın təqdimatı olub - VİDEO
Video
Sosial 90

Biləsuvar rayonunda “Balta” ləqəbli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nihad Babayevə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qələbə eşqilə böyüyən kapitan" adlı kitabın təqdimat mərasimində şəhidin yaxınları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, qazilər, şəhid valideynləri, ziyalılar, müəllimlər, şəhidin döyüş yoldaşları, rayon icra hakimiyyətinin rəsmiləri və yerli sakinlər iştirak ediblər.

Bu gün həm də şəhid N.Babayevin doğum günü münasibətilə onun yaşadığı evdə anım mərasimi də keçirilib. Daha sonra N.Babayevin məzarı ziyarət edilib. Məzarı önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid kapitan N.Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana hərbi xidmətə göndərilib.

N.Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi.

O, Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüşü oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda olub. O, ağır döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

N.Babayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər