Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq"

Baş həkim maaş artımından danışdı: Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq
Açıqlama
Sosial 14

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sistemində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması ilə bağlı yeni islahat həyata keçirilir.

Sentyabrın 1-dən tətbiq olunan yeni əməkhaqqı qaydaları 72 212 tibb işçisini əhatə edir. İslahat çərçivəsində xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə çalışan tibb işçiləri üçün əlavə stimullaşdırıcı mexanizmlər nəzərdə tutulub.

BAKU.WS xəbər verir ki, mövzunun əhəmiyyəti, tibb işçiləri üçün yaradılan yeni imkanlar və islahatın səhiyyə xidmətlərinin keyfiyyətinə mümkün təsirləri ilə bağlı invaziv ağrı mütəxəssisi, özəl klinikalardan birinin baş həkimi Zülfiqar Yusifov Oxu.Az-a açıqlama verib.

O qeyd edib ki, tibb işçilərinin əməkhaqqılarının artırılması mühüm və stimullaşdırıcı addımdır:

"Birinci vitse-prezident Mehriban Əliyevanın belə bir təşəbbüslə çıxış etməsi bütün həkim cameəsi üçün çox faydalı və stimullaşdırıcıdır.

Əməkhaqqılarının artması ağır iş rejimində çalışan həkimlər və tibb bacıları üçün ciddi dəstəkdir. Çünki icbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrində çalışan həkim personalının çoxsaylı pasiyentlərə xidmət göstərməsi, çoxlu prosedurlar icra etməsi və əməliyyatlar həyata keçirməsi lazım gəlirdi. Əvvəlki əməkhaqqı bu həcmdə əməyin lazımi səviyyədə qiymətləndirilməsinə imkan vermirdi.

Hazırda belə bir mexanizmin tətbiq olunması olduqca yaxşı haldır. Xüsusilə regionlarda çalışan həkimlərin əməkhaqqılarının əlavə faizlərlə artırılması onların regionlara getməsinin stimullaşdırılması deməkdir. Bu, regionlarda çalışan həkimlərin daha rahat işləməsinə, əsasən də gənc həkimlərin regionlara axınının stimullaşdırılmasına xidmət edəcək. Bu baxımdan, qərarı təqdirəlayiq və sevindirici hesab edirəm".

Həkim maaş artımının ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinə də müsbət təsir göstərəcəyini bildirib:

"Təcili yardım həkimlərinə bunun şamil olunması, əslində, ilkin tibbi yardımın keyfiyyətinin artması deməkdir. Bu, təcili yardım xidmətlərində məsuliyyətin artması ilə yanaşı, tibbi personalın öz işinə daha həvəslə yanaşmasına şərait yaradacaq.

Xəstənin qayğılarının bir hissəsi artıq həll olunmuş olur və bu baxımdan, tibb işçiləri insanlara vaxtında, təcili və təxirəsalınmaz tibbi yardımı daha yüksək keyfiyyətdə göstərməyə meyilli olacaqlar. Bu da hər bir halda vətəndaşın xeyrinədir".

Z.Yusifov yeni əməkhaqqı mexanizminin gənc həkimlərin iş yeri seçiminə ciddi təsir edəcəyini vurğulayıb:

"Elə sahələr var ki, burada 100 faizə qədər, 107 faiz, 60 faiz, 48 faiz artımlar nəzərdə tutulub. Bu, xüsusən, gənc həkimlər üçün həm regionlarda çalışmağa meyil yaradacaq, həm də onların gündəlik tələbatlarını ödəməsinə imkan verəcək məbləğlər formalaşdıracaq. Bu da olduqca vacibdir.

Bununla yanaşı, hesab edirəm ki, tibbi təhsilin lazımi səviyyədə olmasına və kadr hazırlığının adekvat təşkilinə diqqət yetirmək lazımdır. Xüsusən rezidentlər və tələbələr təhsillərini başa vurduqdan sonra hazır həkim statusunda olmalıdırlar ki, onlar da adekvat əməkhaqqı ilə fəaliyyətə başlayaraq vətəndaşa və Vətənə xidmət edə bilsinlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər