Baku TV, Report İA və Qazaxıstanın "Xabar" Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
"Global Media Group"a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.
BAKU.WS xəbər verir ki, sənəd bu gün Qazaxıstanın Astana şəhərində imzalanıb.
Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və "Xabar" Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək Oyşıbayev imzalayıblar.
Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.
Kəməlbək Oyşıbayev çıxışında qeyd edib ki, "Xabar" Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür:
"Birgə fəaliyyətimiz həm xəbərin hazırlanması prosesində yeni texnoloji imkanların paylaşılmasına, həm də informasiya məhsullarının mübadiləsində daha geniş imkanların açılmasına şərait yaradacaq. Bu müqavilə qarşılıqlı etimadın və davamlı əməkdaşlığın göstəricisidir".
"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır:
"Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək."
Qeyd edək ki, memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur.
Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın "Özbəkistan 24" kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın "Xabar" Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq, Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.
Qalereya
Oxşar xəbərlər
Ölkədə yetişdirilən meyvə-təvəz daxili tələbatı tam ödəyir? - AÇIQLAMA
Azərbaycanın kənd təsərrüfatı sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynayır. Bununla yanaşı...