Bakıya yeni tramvaylar hansı ölkədən alınacaq?

Bakıya yeni tramvaylar hansı ölkədən alınacaq?
Foto Açıqlama
Sosial 2102

Bakı sakinləri yaxın gələcəkdə şəhər nəqliyyatının əfsanəvi atributlarından biri olan tramvaylarla yenidən tanış ola bilər.

BAKU.WS-in məlumatına görə, bu qərar təkcə nəqliyyat rahatlığını artırmaqla qalmır, həm də şəhər ekosistemində əhəmiyyətli bir dəyişiklik və urbanistik inkişafın yeni mərhələsidir.

Tramvay xətlərinin yenidən qurulması Bakı küçələrində daha ekoloji və effektiv nəqliyyat mühitini bərpa etməyi hədəfləyir. Ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ictimai nəqliyyata əlavə komponent tramvay xəttidir: "Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə "28 May" istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən "Seebreze" zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər".

Bakıda salınması planlaşdırılan tramyol xətlərinin uzunluğu nə qədər olmalıdır? Tramvay xətləri salınacağı təqdirdə hansı ərazilərdən keçməsi uyğun olardı? Bu suallara cavab tapmaq üçün Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev müraciət etdik. Ekspert BAKU.WS-ə bildirdi ki, bu, ciddi təhlillər əsasında verilməli olan qərardır:

"Mən deyərdim ki, ümumi şəhərin onurğa sütunu relsi nəqliyyat olmalıdır və nəqliyyatın fərqli seqmentləri üzrə rəqəmlər fərqli ola bilər. Relsi nəqliyyat deyəndə metronu qeyd edə bilərik. Bu nəqliyyat sərnişindaşımanın həcminə görə rəqib tanımır. Yəni qısa zamanda daha çox sərnişini daşımaq qabiliyyətinə malikdir.

Yerin üstündə isə tramvaydır, bu istiqamətdə ciddi təhlillər aparmaq lazımdır. Tramvayın özünün yeni şəbəkəsi yaradılmalıdır. Çünki bizdə 21 il bundan öncə tramvay xətləri ləğv olunub. İndi isə yeni reallığa uyğun xətlər qurulmalıdır. Burada kontakt şəbəkəsi yenidən qurulmalı, depo, hərəkət tərkibi formalaşmalıdır. Marşrut boyu kommunikasiyalar köçürülməlidir. Yəni bu kompleks tədbirlər planıdır və ciddi təhlillər əsasında ilk marşrut xətti bəlli olacaq. Sonradan xətlərin genişləndirilməsi baş verə bilər.

Tramvaylar istifədəyə veriləcəyi təqdirdə qiymət məsələsi də burda önəmli olan məqamdır. Bu gün bizdə şəhərin daxilində və ətrafında qiymətlər fərqlidir. Təkliflər formalaşdıqca. ictimai nəqliyyat cəlbedici olmalıdır. Yəni qiymət olaraq və uzaq məntəqədən gələnlərə daha əlçatan olması üçün müəyyən güzəştlər olmalıdır. Bunun üçün "Brutto müqavilə"lərə keçid edilməlidir ki, maliyyə dayanıqlılığı təmin olunsun və pulsuz keçidlər təşkil olunsun.

Müəyyən şəhərlərdə fərqli vaxt aralığında 45, 60 və 90 dəqiqəlik pulsuz keçidlər olur ki, dəmir yolundan metroya, metrodan tramvaya, tramvaydan avtobusa keçidlər pulsuz edilir və bu növlərə yönələn daha da artır. Ümumi olaraq ictimai nəqliyyatın fərqli seqmentlərinə investisiyaların sayı artırılmalıdır ki, keyfiyyət artsın, park yenilənsin, üstünlük təmin olunsun və rahat keçidlər təmin edilsin ki, insanlar bu növə yönəlsinlər".

Qeyd edək ki, dünyada tramvay istehsalı və satışı sahəsində bir neçə ölkə lider mövqedədir. Bunlara Fransa, Almaniya, Çexiya, Polşa və Çin kimi ölkələr daxildir. Məsələn, Fransanın "Alstom", Almaniyanın "Siemens" və Çexiyanın "Škoda Transportation" şirkətləri tramvay istehsalında dünya miqyasında tanınır. Çin isə həm texnologiya, həm də qiymət üstünlükləri ilə diqqət çəkir.

Bakının tramvay layihəsində hansı ölkə və ya şirkətlərin iştirak edəcəyini görmək maraqlı olacaq. Bu addım, şəhərin nəqliyyat tarixini yeni, müasir bir epoxaya daşımaq potensialına malikdir.

Orxan Hüseyn

Son xəbərlər