Bakıda bu ərazilərdə mənzillər BAHALAŞIB

Bakıda bu ərazilərdə mənzillər BAHALAŞIB
Sosial 280

Son aylarda daşınmaz əmlak bazarında nəzərəçarpacaq bahalaşma müşahidə edilir. 2024-cü ilin yanvar-fevral aylarında Bakıda mənzil qiymətləri ötən illə müqayisədə 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2 faiz artıb.

BAKU.WS-in məlumatına görə, bu tendensiyanın yay aylarına qədər davam edəcəyi və qiymətlərin əlavə 3-4 faiz bahalaşacağı ehtimal edilir.

Bahalaşmanın əsas səbəbləri

Əsas amillərdən biri mənzil bazarında müşahidə olunan passivlikdir. Alqı-satqı əməliyyatlarının azalması və yeni tikililərin satış tempinin aşağı düşməsi qiymətlərin süni şəkildə qalxmasına səbəb olur. Bununla yanaşı, tikinti materiallarının bahalaşması, inşaat sektorunda artan xərclər və daşınmaz əmlaka olan tələbatın sabit qalması da qiymətlərin yüksəlməsində mühüm rol oynayır.

Kirayə bazarında vəziyyət necədir?

Kirayə mənzillərin qiymətində sentyabr-oktyabr aylarında artım qeydə alınsa da, hazırda bazar sabit vəziyyətdədir. Əksər ekspertlər tədris mövsümünün başlanması ilə əlaqədar yay aylarında yenidən kirayə qiymətlərində artım ola biləcəyini proqnozlaşdırırlar.

Ərazi faktoru artıq önəmsizləşib

Əvvəllər mənzilin qiymətinə əsasən onun yerləşdiyi ərazi təsir edirdi. Lakin son dövrdə bu faktor get-gedə əhəmiyyətini itirir. Xüsusilə də "Əhmədli", "Xalqlar Dostluğu", "Həzi Aslanov", "Nərimanov" metro stansiyalarının yaxınlığında yerləşən mənzillər artıq şəhər mərkəzindəki qiymətlərlə təklif edilir.

Eyni zamanda, bahalı evlərə tələbat Yasamal, Xətai və Nərimanov rayonlarında daha yüksəkdir. Bu rayonlar həm infrastrukturun inkişafı, həm də əlverişli nəqliyyat imkanları ilə seçildiyi üçün alıcılar arasında daha çox maraq doğurur.

Orxan Hüseyn

Son xəbərlər