Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb
Tanınmış biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin və digər şəxslərin külli miqdarda pulunu ələ keçirməyə cəhddə və digər dələduzluq əməllərində ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Gülnarə Rəhimovanın ifadəsi dinlənilib.
Zərərçəkən ifadəsində vurğulayıb ki, Rafiq Vəliyevi şəxsən tanımır. O, R.Vəliyevi yalnız istintaq zamanı gördüyünü deyib.
"Bakıda mənə məxsus olan mənzilin alqı-satqısını həyata keçirmək məqsədilə "ASAN xidmət"ə getdim. Sənədləşmə aparılarkən mənə bildirildi ki, mənə məxsus ev Vüqar adlı şəxsə satılıb və daha sonra alqı-satqı ləğv olunub. Bildirdilər ki, alqı-satqı əməliyyatları guya mənim verdiyim etibarnamə əsasında həyata keçirilib. Etibarnaməni isə guya Londondan xalamın qızı olan Naibə adlı xanıma vermişəm, həmin xanım da alqı-satqını mənim əvəzimə həyata keçirib. Mən bu məsələdən xəbərsiz olduğumu bildirəndən sonra aidiyyəti qurumlara məlumat verildi".
Proses zamanı verilən çarpaz suallardan məlum olub ki, təqsirləndirilən Rafiq Vəliyevin də iştirak etdiyi həmin saxta alqı-satqı əməliyyatı "işbazlar"ın iradəsindən asılı olmayaraq pozulub. Yəni tərəflərdən birinə çatacaq məbləğin verilməməsi saxta əməliyyatın pozulmasına səbəb olub.
Sözügedən işlə bağlı adı hallanan və həmin alqı-satqıda özünü zərərçəkən Gülnarə Rəhimovanın xalası qızı kimi təqdim edən Naibə adlı qadın prosesdə şahid kimi dindirilib.
O, ifadəsi zamanı bildirib ki, bu işə görə ona xidmət haqqı olaraq 20 000-30 000 AZN ödənilməli imiş. Lakin verilən vədə əməl olunmayıb, o da işin saxta olduğu barədə guya Rafiq Vəliyevə məlumat verib. Bundan sonra evin alqı-satqısı pozulub və əmlak sahibinin xəbəri olmadan yenidən onun adına qaytarılıb.
Qeyd edək ki, sözügedən obyektin bazar qiyməti hazırda 1 milyon manat olduğu halda, həmin "işbazlar" tərəfindən obyekt 400 min manata satılıbmış.
Gülnarə Rəhimovanın dediyinə görə, obyekt həmin vaxt icarədə olub. Saxta sənədləşmələrin də icarədarda olan müqavilələrin üzərindən aparıldığı zərərçəkən tərəfindən ehtimal edilir.
Növbəti proses oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, Rafiq Vəliyev məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməyə və digər zərərçəkən Gülnarə Rəhimovanın 1 milyon manatlıq evini saxta sənədlərlə sataraq mənimsəməyə cəhd etməkdə təqsirləndirilir.
Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.
Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti törətməsi də üzə çıxıb.
R.Vəliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.
Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.
Onu da qeyd edək ki, Rafiq Vəliyev əvvəllər Bakıda məşhur olan 1 saylı notariat kontorunda çalışıb.
Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı icmalı təqdim edir. BAKU.WS bu barədə AQTA-ya istinadən xəbər verir. Keçirilən...