Bakıda mənzilləri sökülən sakinlər təklif olunan kompensasiyaya etiraz edir
28
avq
2017
17:00
Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı binanın sakinləri mənzillərin sökülməsi müqabilində təklif olunan kompensasiyaya etiraz edirlər.BAKU.WS-ə müraciət edən vətəndaşlar qeyd edir ki, kompensasiya məbləği birmənalı olaraq heç bir sakini qane etmir.Sakinlərin sözlərinə görə, şəhərin mərkəzində yerləşən binadakı hər mənzilə 20-30 min AZN təklif edilir.“Bizdən çox ədalətsiz, heç bir qiymətləndirmə prinsiplərinə sığmayan bir məbləği qəbul etməyimizi istəyirlər. Bütün sakinlər adından kompensasiya məbləğinin azlığı ilə bağlı prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Artur Rasizadəyə, maliyyə naziri Samir Şərifova və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova müraciət ünvanlamışıq”, - deyə sakinlərin müraciətində qeyd olunur.Narazı vətəndaşların prezidentə məktubunda bildirilir:“Cənab Prezident! Sizə müraciət etməklə 32 ailənin son ümidi olan evimizlə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istəyirik. Hazırda 32 ailə Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı beşmərtəbəli binanın 4-cü və 5-ci mərtəbələrində yaşayırıq. Bu ilin iyul ayında Nəsimi rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bizə bildirdilər ki, yaxın vaxtlarda yaşadığımız bina söküləcək. Ancaq sökülərkən ədalətli kompensasiya veriləcək. Lakin 22.08.2017-ci il tarixdə bizə bildiriş verilmiş və 1 kvadrat metr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi barədə qeyd olunub. Xatırladaq ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılar 14-28 kvadratmetr, 2 otaqlılar isə 30-40 kvadratmetr arasında dəyişir.Cənab Prezident, Sizə müraciət etməklə bildiririk ki, binada yaşayan ailələr kompensasiyanın məbləğindən razı deyil. Belə ki, yaşadığımız ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri mümkündür. Yaşadığımız “28 May” metrosu ətrafında, Keykab Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır. Sizdən xahiş edirik, dəfələrlə özünüzün də bəyan etdiyi kimi digər pilot layihələrdə olduğu kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binaın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq.Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir.”BAKU.WS
Oxşar xəbərlər
“Azəravtoyol” Bakının mərkəzində sakinləri hədələyərək evindən köçürür
Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hazırda 8 ailənin yaşadığı 26 saylı bina sökülür. "Azəravtoyol” ASC tərəfindən aparılan söküntü işləri zama...