Bakı məktəbində satılan 50 qəpiklik ölüm (FOTO)
Bakının Nərimanov rayonunda 291 saylı "Araz" Ekologiya Liseyinin bufetində uşaqların sağlamlığı üçün təhlükə yarada bilən qida satılması barədə şikayət edilib.
BAKU.WS-in redaksiyasına daxil olan şikayətə əsasən məktəbin bufetində satılan buterbrodun çörəyinin kifləndiyi deyilir. "Bufetdə 50 qəpiyə buterbrod satırlar. Oğlum almışdı, evdə açıb baxdıq, çörəyinin içi kif atmışdı. Şəklini sizə göndəririk və xahiş edirik araşdırasınız”, - deyə valideyn şikayətində bildirib. Məsələ ilə əlaqədar təhsil müəssisənin direktoru Sevinc Mustafayeva ilə əlaqə saxladıq. Direktor BAKU.WS-ə açıqlamasında ilk öncə faktı inkar etdi. Sonra isə bildirdi ki, jurnalistə xəbər verməyə borclu deyil. Xanım direktora biz xəbər öyrənmək üçün deyil, fakt barədə məlumat vermək üçün əlaqə saxladığımızı dedik. "Sevinc xanım, biz Sizə xəbər vermək istədik ki, bufetdə satılan qidalar yoxlanılsın. Allah eləməmiş uşaqlardan kimsə zəhərlənməsin”, - deyə direktora bildridik. Sevinc xanım isə deyilənlərin yalan olduğunu dedi. "Bizdə umumiyyətlə buterbrod satılmır. Heç kim də zəhərlənməyib. Zəhərlənən olsa, zəhmət olmasa poliklinikadan kağız gətirin. Ondan sonra danışarıq”, - deyə Sevinc Mustafayeva telefon danışığını yarımçıq qoyaraq dəstəyi asdı. Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu məsələ araşdırılacaq və lazımı tədbir görüləcək. Məktəbin bufetində keyfiyyətsiz buterbrod satılması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, qısa zaman ərzində məsələ araşdırılacaq və lazımı ölçü götürüləcək. İqtisadiyyat və Sənaye Nazirliyindən də bildirdilər ki, şikayət qeydə alınıb və mütləq lazımı ölçü götürüləcək. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə, hadisə barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yoxlamalar aparılacaq. "Məsələ ciddi araşdırılacaq və nəticələr barədə qısa zamanda məlumat veriləcək”, - deyə Abbas Əliyev bildirdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat verdik. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı BAKU.WS-ə bildridi ki, bu məsələ barədə şikayəti qeydə alıblar. Bu gün məsələ ciddi araşdırılacaq və məlumat veriləcək.
"Təbii ki, bu ciddi siqnaldır. Bu məsələ əməkdaşlarımız tərəfindən araşdırılacaq. Əgər şikayət təsdiqini taparsa, mütləq məktəb rəhbərliyi cəzalandırılacaq”, - deyə Fazil Talıblı bildirdi. Ümid edirik ki, məsələni araşdırmağa söz verən qurumlar mütləq dediklərinin üstündə duracaqlar. Yoxsa, Allah eləməmiş, şagirdlərdən kimsə zəhərlənsə məsuliyyət məktəb direktoru üzərində qalacaq. Əgər o, jurnalistin faktını qeydə alaraq araşdırmalara başlasaydı fəsadlar da tezliklə aradan qaldırılardı. Direktor isə hər şeyi inkar etmək mövqeyi tutaraq ortada gün kimi aydın olan faktı qəbul etmək istəmədi. Görək Sevinc xanım müvafiq qurumların araşdırmalarının nəticəsi qarşısında da belə davranacaqmı? Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobusunda şou: siqaret dumanı, yüksək sürət və pis rəftar (VİDEO)
Bakıda Nəqliyyat Nazirliyinin, yol polisinin xəbəri olmadan qeyri-qanuni sərnişin avtobusları fəaliyyət göstərir. BAKU.WS həmin avtobuslarla bağlı maraqlı fakt...