Azərbaycanda yod zavodunda dərman istehsal olunacaq

Azərbaycanda yod zavodunda dərman istehsal olunacaq
Sosial 1803

 

Neftçaladakı yod zavodunda yod və brom duzu ilə yanaşı, gələcəkdə xörək duzu və yod təyinatlı dərman preparatlarının istehsalı planlaşdırılır.

Bu barədə AZƏRTAC-a zavodun texniki işlər üzrə direktor müavini Elşən Sultanov məlumat verib. O bildirib ki, məhsul istehsalını artırmaq üçün zavodun nəzdində yeni istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Bu istehsal sahəsi işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq.

Qeyd edək k, Neftçaladakı yod zavodu istehsal gücünə görə MDB ölkələri arasında birinci, dünyada isə üçüncü bu tipli zavoddur.

Neftçalada yod istehsalına ötən ilin əvvəlindən başlanılıb.

Rayonda yod istehsalının tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. 1927-ci ildə bu ərazilərdə 5 nömrəli quyu fontan vurarkən oradan neftlə yanaşı, duzlu suda çıxır və analiz aparılarkən bu suyun tərkibində yod olduğu məlum olur. Sonralar bu ərazidə zəngin yod ehtiyatları aşkarlanır. Həmin illər burada quyular şəklində ilkin yod zavodu tikilir və 1931-ci ilin aprelində 1500 kiloqram yod Bakıya göndərilir. 1932-ci ilin mayında rayonun indiki Mirqurbanlı kəndində yeni yod zavodu istifadəyə verilir. Sonralar Xəzər dənizinin sahillərində yeni yodlu-bromlu su yataqları aşkar olunur. 1984-cü ildə isə istehsal gücü əvvəlkindən 4 dəfə çox olan yod-brom zavodu tikilir.

Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi çətinlik nəticəsində zavodun fəaliyyəti dayanır. Yalnız 2004-cü ildən zavodda əsaslı təmir işlərinə başlanılır. Əsaslı təmir işləri başa çatdıqdan sonra zavod 2007-ci ildə "Azər-yod” MMC şəklində fəaliyyətə başlayır və burada istehsal olunan kristal yod və dəmir-bromid duzu ölkə və xarici bazarlara çıxarılır.

Qeyd edək ki, yodlu-bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində çıxarılır. 240 işçinin çalışdığı zavodda 2 əsas və 3 köməkçi müəssisə mövcuddur. Hazırda istismarayararlı 110 quyunun 80-dən istifadə olunur. Bu quyulardan gün ərzində 25 min kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinlikdən çıxarılan yoldu-bromlu su 8 mərhələdən keçirilərək kristal yod halına gətirilir və sonradan təyinatı üzrə istehsal halına salınır. İldə zavodda 350 ton yod istehsal olunur. 26 min kub metr yodlu-bromlu sudan isə 1 ton yod alınır.

BAKU.WS

Son xəbərlər