Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi
Yaponiyada ibtidai təhsilin ilk üç ilində şagirdlərə xarakter və şəxsiyyətin formalaşdırılması, təbiətə və heyvanlara hörmət, yaxşı insan olmağın vacibliyi öyrədilir.
Azərbaycanda isə uşağın tərbiyəsinə kimin cavabdeh olması - ailənin, yoxsa məktəbin hələ də müzakirə mövzusudur.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlının sözlərinə görə, uşağın tərbiyəsini yalnız ailənin üzərinə qoymaq doğru deyil.
"Uşaqların tərbiyəsini təkcə ailənin üzərinə atıb, "ailə məşğul olmalıdır" deməyimiz doğru deyil. Digər tərəfdən, ailə bu məsuliyyəti öz üzərinə götürməlidir", - deyə o bildirib.
Psixoloq hesab edir ki, Azərbaycanda bu istiqamətdə dövlət səviyyəsində xüsusi konsepsiyaya ehtiyac var.
Onun fikrincə, ailənin, bağçanın və məktəbin üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilməlidir:
"Bu gün bizim tərbiyə sistemimizdə boşluqlar var. Ailə uşağı məktəbə necə hazırlamalı olduğunu bilmir. Məktəbə gələn uşaqların davranışına nəzarət etməkdə çətinlik çəkməyimizin səbəblərindən biri də budur".
Limunət Əmrahlı məktəblərdə əxlaq qaydalarına və davranış normalarına ayrıca diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, uşağın şəxsiyyətinin əsas xüsusiyyətləri erkən yaşlarda formalaşır:
"Beş yaşa qədər şəxsiyyət formalaşır, davranış modelləri mənimsənilir. Ona görə də biz bu məsələlərə daha erkən yaşlardan yanaşmalıyıq".
Psixoloq Finlandiya və ABŞ-dəki yanaşmaları da nümunə göstərib.
Onun sözlərinə görə, müasir metodlarda uşağın fərdi xüsusiyyətləri, maraqları və davranış modelləri nəzərə alınır.
L.Əmrahlı hesab edir ki, Azərbaycan həm müasir metodlardan yararlanmalı, həm də milli-mədəni dəyərlərə əsaslanan tərbiyə üsullarını inkişaf etdirməlidir:
"Biz ənənəvi metodlarımıza, ailə və milli mədəniyyətimizdə olan metodlara qayıtmalıyıq. Bunun üçün də tədqiqatçılar qrupu işləməli, nəyin necə olmalı olduğunu müəyyənləşdirməlidir".
Oxşar xəbərlər
Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar
Quba rayonunun Küpçal və Qələdüz kəndlərinin sakinləri son vaxtlar ərazidə ayıların tez-tez müşahidə olunduğunu və vəhşi heyvanların təsərrüfatlara ziyan vurduğ...