Azərbaycanda keyfiyyətli serial çəkmək niyə bahadır?
"Azərbaycanda son illər serial istehsalının həcmi artsa da, yerli layihələr hələ də texniki və bədii baxımdan xarici ölkələrin analoji ekran işlərindən geri qalır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədrinin sözlərinə görə, bunun əsas səbəbi isə maliyyə imkanlarının məhdud olmasıdır:
"Keyfiyyətli serial təkcə yaxşı ssenari və peşəkar aktyor heyəti ilə ərsəyə gəlmir. Müasir kamera və işıq avadanlıqları, peşəkar səsləndirmə, vizual effektlər, montaj, dekorasiya, çəkiliş məkanları, nəqliyyat və logistika kimi amillər layihənin büdcəsini xeyli artırır. Bundan əlavə, son dövrlərdə süni intellekt texnologiyalarının və post-prodakşn xidmətlərinin istifadəsi də istehsal xərclərini yüksəldən əsas faktorlardan biridir.
Hazırda Azərbaycanda çəkilən serialların büdcəsi, əsasən, on minlərlə və ya yüz minlərlə manat arasında dəyişir. Məbləğ serialın formatından, seriyaların sayından və çəkiliş müddətindən asılı olaraq fərqlənir. Lakin milyonlarla manat büdcəyə malik televiziya seriallarının istehsalı ölkədə hələ geniş yayılmayıb.
Aşağı büdcə özünü ilk növbədə texniki keyfiyyətdə, dekorasiyada, səhnə quruluşunda və vizual effektlərdə göstərir. Eyni zamanda peşəkar aktyorlar və çəkiliş qrupları da artıq daha yüksək qonorar tələb etdiyindən, əvvəlki illərlə müqayisədə serial istehsalı daha da bahalaşıb".
Onların sözlərinə görə, reklam bazarının məhdudluğu və özəl investorların film sənayesinə marağının zəif olması da iri büdcəli layihələrin həyata keçirilməsini çətinləşdirir:
"Bu səbəbdən yüksək keyfiyyətli və beynəlxalq bazarda rəqabət apara biləcək serialların çəkilməsi üçün dövlət dəstəyi və ya böyük həcmli investisiyalar həlledici rol oynayır.
Milyonlarla manat büdcəyə malik layihələr həm texniki baxımdan daha peşəkar olur, həm də beynəlxalq auditoriyanın marağını cəlb etmək baxımından daha böyük imkanlara sahibdi"r.
Orxan Hüseyn
Oxşar xəbərlər
Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər
Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlə...