Azərbaycanda iki restoranda çöl quşları baytar nəzarəti olmadan saxlanılırmış

Azərbaycanda iki restoranda çöl quşları baytar nəzarəti olmadan saxlanılırmış
Foto
Sosial 46

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinq çərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən, İlqar Əliəhəd oğlu Hənifəyevə məxsus "Düşbərə" kafesində və Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən, Məhəmməd Həmzə oğlu Əliyevə məxsus "Basqal" kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Son xəbərlər