Azərbaycanda əmək hüquqları ilə bağlı konfrans keçirilib

13 may 2022-ci il tarixində Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun (ILRA) təşkilatçılığı ilə “Azərbaycanda Əmək Hüquqlarının Müdafiəsi: Mövcud Vəziyyət və Perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) tərəfindən ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmiş “İşçiyəm, hüquqlarım var!” layihəsinin nəticələri təqdim edilib və əmək hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub.
Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova vətəndaşlara əmək hüquqları sahəsində dəstəyin önəmini vurğulayıb. O, eyni zamanda ILRA-nın qısa müddətdə sözügedən istiqamətdəki fəaliyyətini, xüsusən bölgələrdəki fəaliyyətini və layihə ərzində əldə etdiyi müsbət nəticələri yüksək qiymətləndirib, bu baxımdan görülən işlərin həmçinin gələcək üçün ümidverici olduğunu dilə gətirib. Millət vəkili bu kimi tədbirlərin daha çox keçirilməsinin önəminə diqqət çəkib.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Cefri Anisman, ILRA-nın gördüyü işlərin vətəndaşların əmək hüquqları sahəsində dəstəklənməsi üçün vacib olduğunu bildirib.
"İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud Hüseynov həmkarlar ittifaqlarının işçilərin əmək hüquqlarının qorunmasında iştirakının artırılmasının, xüsusən kollektiv müqavilələrin və iş yerlərində təhlükəsiz əmək şəratinin təmin edilməsinin əhəmiyyətindən danışıb.
ILRA-nın həmtəsisçisi və VİTA İB-in sədri Asif Oruclu bildirib ki, ölkəmizdə əmək hüquqlarının müdafiəsi sahəsində ictimai iştirakçılığın və ictimai nəzarətin artırılmasına ehtiyac var.
ILRA-nın Hüquq şöbəsinin rəhbəri Pərvanə Allahverdiyevanın moderatorluğu ilə aparılan dəyirmi masa müzakirəsində əmək hüquqları sahəsində çalışan mütəxəssislərin iştirakı ilə işçilərin əmək hüquqlarının müdafiəsində mövcud durum, bu sahədə olan əsas problemlərin həlli yolları, həmçinin hansı müdafiə mexanizmlərinin daha səmərəli olması və əmək qanunvericiliyinin təkmilləşdirilməsi perspektivləri müzakirə edilib.
ILRA-nın direktoru Fərid Rustamzadə “İşçiyəm, hüquqlarım var!” layihəsinin uğurlarından danışıb və ölkəmizdə əmək hüquqlarının müdafiəsi sahəsində müxtəlif maraqlı tərəflərin bir araya gəlməsinin vacibliyini qeyd edib.
Konfransın sonunda ILRA-da 3 aylıq təcrübə proqramını uğurla tamamlamış gənc hüquqşünaslar ILRA rəhbərliyi və ABŞ Səfirliyi tərəfindən sertifikatlarla təltif edilib.
Qeyd edək ki, 2021-ci ildə təsis edilmiş Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Azərbaycanda işçilərə münasibətdə əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirici tədbir və kampaniyalar təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün araşdırmalar aparır və müvafiq qurumların fəaliyyətini yaxından izləyir.
Qalereya
Oxşar xəbərlər
Lənkəranda əmək hüquqları ilə bağlı ictimai görüşlər və təlim keçirilib - FOTO
15-17 aprel tarixlərində Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Lənkəranda əmək hüquqlarının müdafiəsi ilə bağlı vətəndaşlarla 2 ictimai görüş və təlim ke...