Azərbaycan mediası beynəlxalq informasiya mühitində ölkə maraqlarını müdafiə edən strateji platformadır - RƏY
Bu gün Azərbaycan mediası yalnız ölkədaxili informasiya məkanının aparıcı institutu deyil, həm də beynəlxalq informasiya mühitində ölkənin maraqlarını müdafiə edən mühüm strateji platformadır.
BAKU.WS xəbər verir ki, bunu report-a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının milli oyanış tarixini, maarifçilik hərəkatını, dövlətçilik ideyalarının formalaşmasını və müstəqillik uğrunda mübarizəsini mətbuatdan ayrı təsəvvür etmək mümkün deyil: "Xalqın ictimai fikrinin formalaşmasında, milli kimliyinin qorunmasında, azərbaycançılıq ideologiyasının inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində milli mətbuatın müstəsna rolu olub".
Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat dövlət quruculuğu prosesinin əsas sütunlarından biri idi: "Lakin sovet hakimiyyəti illərində senzura jurnalistikanın sərbəst inkişafını məhdudlaşdırdı. Mətbuat dövlət ideologiyasının təbliğ vasitəsinə çevrildi və söz azadlığı ciddi məhdudiyyətlərlə üzləşdi. Bununla belə, milli mətbuat ənənələri tamamilə itməyərək gələcək müstəqillik dövrü üçün zəmin yaratdı. 1980-ci illərin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı qəzetlər və jurnalistlər xalqın müstəqillik arzularının ifadəçilərinə çevrildilər".
Ş.Seyidzadənin fikrincə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası milli medianın inkişafı üçün yeni mərhələnin başlanğıcı olub: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində geniş islahatlara start verildi. Həmin dövrə qədər mövcud olan siyasi və iqtisadi qeyri-sabitlik mətbuatın inkişafına ciddi maneələr yaradırdı. Ulu Öndər Heydər Əliyev söz və məlumat azadlığının demokratik dövlət quruculuğunun əsas prinsiplərindən biri olduğunu bəyan etdi. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv olunması Azərbaycanın media tarixində dönüş nöqtəsinə çevrilib".
O qeyd edib ki, son iyirmi ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "Dövlət başçısı dəfələrlə vurğulayıb ki, güclü dövlət yalnız güclü informasiya siyasəti ilə beynəlxalq aləmdə öz mövqeyini qoruya bilər. Buna görə də media siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, daha sonra Medianın İnkişafı Agentliyinin yaradılması media islahatlarının institusional əsaslarını formalaşdırdı. Bu gün jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin maliyyə dayanıqlığının gücləndirilməsi, rəqəmsal medianın inkişafı, innovativ layihələrin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir".
Milli Məclisin deputatı 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərin cəbhə bölgəsində operativ informasiya yaymaqla yanaşı, Ermənistanın dezinformasiya kampaniyasına qarşı mühüm informasiya mübarizəsinə diqqət çəkib.
"Azərbaycan jurnalistləri dünyanın müxtəlif media qurumlarına obyektiv məlumatlar təqdim etdilər, işğal nəticəsində dağıdılmış şəhər və kəndləri, mülki əhaliyə qarşı törədilmiş cinayətləri sənədləşdirdilər. Postmüharibə dövründə də media Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış proqramını və Azərbaycanın sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq missiyasını davam etdirir. Bu gün media qarşısında yeni çağırışlar dayanır. Süni intellekt, rəqəmsal platformalar və sosial şəbəkələr informasiya istehsalı prosesini kökündən dəyişir. Belə şəraitdə peşəkarlıq, obyektivlik, etik davranış və faktların yoxlanılması daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri milli informasiya təhlükəsizliyinin qorunması, dezinformasiyanın qarşısının alınması, media savadlılığının artırılması və rəqabətqabiliyyətli milli informasiya resurslarının inkişaf etdirilməsidir".
Oxşar xəbərlər
Ayaqda keyimə nə vaxt təhlükəli sayılır?
Ayağın keyiməsi çox vaxt uzun müddət eyni vəziyyətdə oturmaqdan qaynaqlansa da, bəzi hallarda ciddi sağlamlıq probleminin əlaməti ola bilər. BAKU.WS xəbər verir...