"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.
O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu - Milli İctimai Xidmət İnstitutunda (l"Institut national du service public) "Diplomatiyanın yeni metodları" proqramını bitirib.
C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.
O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi Qrupunun üzvü olub.
Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış "Silk Way" şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
İranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
Yardımlıda polisin saxladığı iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlum...