Azərbaycan BTİ-nin Şura və Komitəsinə namizədliyini irəli sürüb
Bu il noyabrın 9-27-də Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransının keçirilməsi nəzərdə tutulur.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, dörd ildən bir təşkil olunan tədbirdə İttifaqın Baş katibi, Baş katibin müavini, büroların direktorları, o cümlədən qurumun Radio Tənzimləmə Komitəsinə və idarəedici orqanı olan Şuraya üzvlər seçilir.
Azərbaycan 2027 – 2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün namizədliyini təqdim edib. Eyni zamanda AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.
Ölkəmiz 2014, 2018 və 2022-ci illərdə keçirilmiş BTİ səlahiyyətli konfranslarında Şuraya üzv seçilib. Azərbaycanın Şurada təmsil olunması qurumun qərar qəbuletmə və idarəetmə proseslərində fəal iştirakına, milli maraqların müdafiəsinə və informasiya-kommunikasiya texnologiyaları sahəsində prioritetlərin təşviqinə mühüm töhfə verib.
Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi 2018 və 2022-ci illərdə ardıcıl olaraq Radio Tənzimləmə Komitəsinin üzvü seçilib.
BTİ Konstitusiyasına əsasən, Şuranın üzvləri Səlahiyyətli Konfrans tərəfindən ədalətli coğrafi bölgü prinsipi nəzərə alınmaqla seçilir. Radio Tənzimləmə Komitəsinin üzvləri isə təşkilata üzv dövlətlərin irəli sürdüyü namizədlər arasından müəyyən edilir.
Oxşar xəbərlər
"Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib
Nazirlər Kabineti "Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlar...