AZAL reysləri gecikən sərnişinləri Naxçıvana yola saldı - YENİLƏNİB

AZAL reysləri gecikən sərnişinləri Naxçıvana yola saldı - YENİLƏNİB
Sosial 58

Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.

BAKU.WS xəbər verir ki, aviaşirkətin “J2-2153” reysini yerinə yetirən təyyarə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.

Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola salınıblar. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir.

***10:26

İyunun 20-dən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuşlarının fəaliyyətinə təsir göstərib.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək. Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib. Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.

Uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır. AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərib səbirli olmağa çağırır", - deyə aviaşirkət bəyan edib.

Son xəbərlər