Arıqlama çayı və qəhvələrində təhlükəli maddələr aşkarlandı

Arıqlama çayı və qəhvələrində təhlükəli maddələr aşkarlandı
Sosial 23

Arıqlama məqsədilə satılan bəzi məhsulların tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr aşkar edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, aparılan nəzarət tədbirləri zamanı sosial şəbəkələrdə şəxsi istifadə adı ilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş edilən qida məhsullarının qanunsuz satışına rast gəlinib. Bu halların daha çox idmançı qidaları, bioloji aktiv qida əlavələri, eləcə də arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsullarda müşahidə olunduğu bildirilib.

Validə Sadıxova qeyd edib ki, həmin məhsullardan götürülən nümunələr laboratoriyada yoxlanılıb və müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi risk yaradan sibutramin və sildenafil maddələri aşkarlanıb.

Bildirilib ki, sibutramin ürək-damar sisteminə mənfi təsirləri səbəbindən bir çox ölkədə qadağan olunub. Bundan əlavə, kişilər üçün nəzərdə tutulan bəzi məcun və şokoladların tərkibində də etiketdə göstərilməyən sildenafil maddəsi müəyyən edilib.

AQTA istehlakçılara bu cür məhsulları almamağı, əldə etdikləri təqdirdə isə istifadə etməməyi tövsiyə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər