Ağcabədi su idarəsindən qadın işçilərə xüsusi "rejim" tətbiq edilməsinə REAKSİYA: "Gediş-gəlişin daha əlverişli olduğu ərazilərə təhkim olunublar"
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən rəis Asəf Quliyevin idarənin qadın işçilərinə qarşı xüsusi "rejim" tətbiq etməsi ilə bağlı məsələyə reaksiya verilib.
BAKU.WS-in məlumatına görə, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mütəmadi olaraq işçilərin əmək intizamı nəzarətdə saxlanılır:
"Ərazilərdə hər hansı "post" qurulması ilə bağlı iddia kökündən yanlışdır. Xidmət yerinə gecikən əməkdaşların işdən azad olunması halları da baş verməyib. İdarənin 12 qadın əməkdaşına Əmək Məcəlləsindən kənar rejim tətbiq olunmayıb. Həmin işçilər yaşayış yerlərinə daha yaxın, gediş-gəlişin daha əlverişli olduğu ərazilərə özləri ilə razılaşdırılaraq təhkim olunublar. Onlara nə yazılı, nə də şifahi şəkildə hər hansı qeyri-adekvat qadağa qoyulub. Səs yazısı yayılan xanım davranış qaydalarını pozduğuna görə, barəsində qanunun tələbinə uyğun tədbir görülüb.
"WhatsApp" qrupunun bəzi üzvlərinin davamiyyətə aid olmayan, şəxsi, qərəzli, məsxərə xarakterli yazı və videoçəkilişlərin göndərilməsinin qarşısının alınması məqsədilə platformanın formatı dəyişdirilərək "yalnız inzibatçılar mesaj yaza bilər" rejiminə keçirilib. Həmçinin həmin xanım əməkdaş da qrupun məqsədindən kənar mesajlar göndərərək iş rejimini pozub.
Qeyd edirik ki, yayılan səs yazısı digər əməkdaşların da narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı mediaya açıqlamalar verərək həmin hərəkətləri pisləyib və öz adlarından əsassız fikirlərin səsləndirilməsinə etiraz ediblər",- deyə idarədən bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda hər gün 32 uşaq nikahdankənar doğulur
Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalır. BAKU.WS xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-...