ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır

ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır
Sosial 19

Biləcəri-Yalama dəmir yolu xəttinin enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin müasirləşdirilməsi məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinə start verilir.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC hazırlıqlara başlayıb.

Məlumata görə, Azərbaycan hökuməti "Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi" çərçivəsində maliyyə resurslarının təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankına (ADB) müraciət edib. Həmin müraciət əsasında ayrılmış vəsaitin müəyyən hissəsinin yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. İddiaçılar təkliflərini mayın 29-na qədər təqdim edə bilərlər.

Bu layihə, ADY-nin beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən Azərbaycanın şimal-cənub və şərq-qərb dəmir yolu dəhlizlərinin əsas elementlərini təşkil edən Biləcəri-Yalama və Bakı-Böyük Kəsik dəmir yolu sahələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin modernləşdirilməsini əhatə edən daha geniş miqyaslı proqramın ayrılmaz hissəsidir.

Proqram daxilində reallaşdırılan birinci layihə, regional yükdaşımalarını dəstəkləyən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əlaqələndirici funksiyanı yerinə yetirən Biləcəri-Yalama dəmir yolu sahəsini əhatə edir. Bu hissə təqribən 192km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxminən 42 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Biləcəri (Biləcəri stansiyası istisna edilməklə) – Yalama dəmir yolu sahəsi həm sərnişin, həm də yükdaşımalarını təmin edən, 1 520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Dəmir yolu xəttinin və əlaqədar infrastrukturun bərpası yaxın vaxtlarda tamamlanıb. Dəhliz enerji təchizatı, siqnalizasiya və rabitə sistemləri ilə təmin olunsa da, mövcud sistemlər mənəvi və fiziki cəhətdən köhnəlib, beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla əvəzlənməsinə zərurət yaranıb. Layihənin başlıca hədəfi bu marşrutda təhlükəsizlik səviyyəsini yüksəltmək, istismar sürətini və məhsuldarlığı artırmaq, eyni zamanda dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını təmin etməkdir. İşlər çərçivəsində əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsinin, siqnalizasiya sistemlərinin təchizatı və quraşdırılması, habelə minimum5 stansiyanın rabitə sistemlərinin təchizatı və montajı nəzərdə tutulub.

ADB Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya layihəsi üçün 325 milyon ABŞ dolları ayırmağı nəzərdən keçirir. ADB-nin Direktorlar Şurasında bu kreditin təsdiqi isə 2027-ci il iyunun 17-nə planlaşdırılıb.

Layihə ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Bu xətt Şimal–Cənub dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

Son xəbərlər