SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündür, Bakıda soyuq havanın hökm sürməsi kimsəsizlər üçün əvvəlki illərdə olduğu kimi yenidən çadırların qurulmasını gündəmə gətirib. Üstəlik bu gün Bakının Nizami rayonundakı küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişinin soyuqdan ölməsi xəbəri də yayılıb.

BAKU.WS xəbər verir ki, havanın şaxtalı keçməsi ilə əlaqədar bir neçə il əvvəl paytaxtın müxtəlif rayonlarında səyyar sığınacaqlar təşkil olunurdu.

Küçə sakinləri üçün çadırlar qurulur, içərisinə stol-stullar düzülür, adyallar və qızdırıcılar yerləşdirilirdi. Səyyar çadırların qurulması paytaxtda kimsəsizlərin soyuqdan kütləvi ölümünün qarşısını alırdı.

Mövcud vəziyyətdə kimsəsizlər üçün hər hansı şəraitin yaradılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Fazil Talıblı BAKU.WS-ə bildirdi ki, kimsəsizlər üçün Zabrat qəsəbəsində sığınacaq yeri fəaliyyət göstərir: “Hazırda müasir şəraitdə yaradılmış tikili var. Binadan ibarət və içində 150 çarpayı olan sığınacaq faəliyyət göstərir. Daha əvvəlki kimi səyyar sığınacaqlar qurulmur.

Soyuqdan əziyyət çəkən, baxımsız vəziyyətdə olan və təhlükəli şəraitdə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, polislər tərəfindən aşkar edilərsə, dərhal oradan Zabratdakı sığınacağa aparılır. Orada həmin şəxslərin dövlət hesabına reabilitasiyası, qidalanması, qalması və digər zəruri vasitələrlə təminatı həyata keçirilir.

Sığınacağa yerləşdirilən vətəndaşların orada 6 ay müddətinə qalması mümkündür. Bundan əlavə həmin şəxslərin işsizlik və ya sağlamlıq problemləri də aradan qaldırılır. Yəni vətəndaşlar cəmiyyətə tam adaptasiya edilmiş şəkildə oranı tərk edirlər”.

Qeyd edək ki, Bakıda səyyar sığınacaqların olmaması kimsəsiz və evsizlərin həyatı üçün risk yaradır. Belə ki, Zabratdakı sığınacaqdan məlumatsız olan bu vətəndaşların həmin ünvanlara gedib çatmasında müəyyən çətinliklər yarana bilər. Əvvəl paytaxtın müxtəlif rayonlarında qurulan sığınacaqlara daxil olan kimsəsizlər bu yolla soyuqdan donmaq təhlükəsindən ən sadə şəkildə qurtulurdular. Zabratda kimsəsizlər üçün şərait yaradılsa da, bu yerlərə müraciət edəcək şəxslərin ora gedib çıxacağı sual doğurur.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hava ilə bağlı xəbərdarlıq edildiyi vaxt kimsəsizlərin küçələrdə donmamağı və təhlükə ilə üzləşməməsi üçün onların sığınacaqlara yerləşdirilməsi istiqamətində də əvvəlcədən planlı şəkildə işlərin görülməsinə ehtiyac var.

Orxan Hüseyn
BAKU.WS