SİZİN REKLAM BURADA!
055 213 76 73


Son dövrlər dünyada müharibələr və kütləvi qırğın silahlarından istifadə halları çoxalıb.

Məhz bu hal dünyada ekoloji tarazlığı pozur. Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bioloji hücum ölkəmiz üçün də təhlükə yaradır.

Nəzərə alsaq ki, dövlətimizlə qonşu ölkələrdə mütəmadi olaraq odlu silahlardan istifadə edilir və Qarabağ münaqişəsi hələ də həll olunmayıb, bu problem daha da aktualdır.

Qeyd edək ki, bioloji hücum bioloji (bakterioloji) silahlar vasitəsilə həyata keçirilir.

Bioloji (bakterioloji) silahlar kütləvi qırğın silahlarına aiddir və insanların, flora və faunanın məhv edilməsi, ərzaq ehtiyatlarının və suyun zəhərlənməsi üçün tətbiq olunur.

Bioloji (bakterioloji) silahların əsas zədələyici amillərini xəstəliktörədici mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) və bakteriyaların toksinləri təşkil edir.

Bioloji hücum zamanı təhlükədən qorunmaq və nisbətən az ziyan çəkmək üçün nələri bilmək lazımdır?

Suala cavab tapmaq üçün Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq.

Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, bu zaman qida, hava, dəri və s. vasitəsilə orqanizmə daxil olur, sibir xorası, çiçək virusu və s. virusların yayılması ilə müxtəlif xəstəliklərə səbəb olur.

Bioloji silahların tətbiqinin əlamətləri:

döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;

binaların damı və divarlarında, yarpaqların üzərində, yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;

ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

bombaların, döyüş mərmilərinin, konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə çoxlu həşərat və ya gəmiricilərin olması;

əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və yə xəstələnməsi.

Yadda saxlayın ki, xarici mühitdə çətin aşkar olunan bəzi mikrob və toksinlər ətrafda uzun müddət yaşaya və öz mənfi təsirlərini göstərə bilər.

Bioloji hücum təhlükəsi yaranarsa:

rəsmi qurumların xəbərdarlığını izləyin;

yaşadığınız ərazinin təhlükəli rayona aid olub-olmadığını dəqiqləşdirin;

yayılan xəstəliyin əlamətlərini və yoluxma üsullarını öyrənməyə çalışın;

aidiyyəti qurumların müvafiq göstəriş və tələblərini yerinə yetirin;

müraciət edəcəyiniz tibb müəssisəsinin yerini dəqiqləşdirin.

Yoluxmadan qorunma yolları:

olduğunuz məkanın hava ilə təmasını məhdudlaşdırın;

gigiyenik prosedurlar və sanitar normaları yerinə yetirin, həkim məsləhətinə əməl edin;

ağız və burnunuzu qalın parça material ilə bağlayın;

bədəninizdə olan açıq yaraları qoruyun;

yaxşı qidalanın və dincəlin;

yoluxma ehtimalı olan insanlardan uzaq olun;

xəstəliyin əlamətlərini özünüzdə hiss etdikdə dərhal həkimə müraciət edin. Bu zaman heç vaxt mütəxəssis yoxlanışından keçməmiş, tibbi bilikləri olmayan şəxslərin müalicəsindən istifadə etmək olmaz.

Yoluxmanın əlamətləri:

37oC-dən yüksək hərarət;

başgicəllənmə və ürək bulanması;

baş ağrısı;

qarın boşluğunda ağrı;
ishal;

üzdə solğunluq və ya qızarma;

öskürək;

qulaqlarda ağrı;

burundan qatı axıntılar;
boğazda ağrı;

dəridə səpgi;

iştahanın olmaması və halsızlıq.

Ziya SƏCCAD
BAKU.WS