SİZİN REKLAM BURADA!
055 213 76 73


Əri tərəfindən işgəncələrə məruz qalmış, qırmancla döyülən üç uşaq anası Əfsanənin yaşadıqları İstanbul Konvensiyasının qəbul edilməsi zərurətini yenidən gündəmə gətirdi. 

Azərbaycan qanunvericiliyində məişət zorakılığına qarşı mübarizə aparılması üçün geniş imkanlar olsa da, qadınların və uşaqların ailədaxili, eləcə də cəmiyyətdə zorakılığa məruz qalma hallarının mövcudluğu bu Konvensiyanın qəbul edilməsinin vacibliyini göstərir.

Barəsində çox danışılan İstanbul Konvensiyasında qeyd edilən müddəaların əksəriyyəti Azərbaycan qanunvericiliyində var. Ölkəmizdə 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub, 2011 və 2012-ci illərdə isə qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Eyni zamanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

Lakin gəlin qəbul edək ki, BMT-nin "Qadınlara qarşı hər cür ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı Konvensiyası", yəni İstanbul Konvensiyası zorakılığa qarşı mübarizə aparmaq üçün mükəmməl mexanizmdir. Azərbaycan da bu problemlə mükəmməl şəkildə mübarizə aparmaq istəyirsə, təbii ki, bu sənədə imza atacaq.

Əsas maddəsi "Kişilər və uşaqlar da məişət zorakılığının qurbanı ola bilər, lakin qadınlar daha çox qurbanlar arasındadırlar" olan bu Konvensiya qadınlara qarşı və ailədaxili zorakılığın qarşısının alınması üçün nəzərdə tutulub. 
İstanbul Konvensiyasının 1-ci maddəsində qeyd olunur ki, qadınlar bütün formada olan zorakılıqdan müdafiə olunacaqlar və bu da qadınların əsaslı bərabərlik və gücləndirilməsini daha da təşviq edəcək. Sənəddə vurğulanır ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığı artıq şəxsi və ailə məsələsi kimi qala bilməz.

Konvensiya təkcə qurbanların pozulmuş hüquqlarının müdafiəsini deyil, eyni zamanda qadınların qurbana çevrilməməsi üçün qabaqlayıcı tədbirləri də nəzərdə tutur. Eləcə də qadın və kişinin cəmiyyətdə rolu ilə bağlı stereotipləşmiş zehniyyəti, mental yanaşmanı aradan qaldırmaq, sosial və mədəni davranışın dəyişməsi üçün təşviqat aparmağın zəruriliyini də qeyd edir.

Qadın hüquqlarının müdafiəçisi, "Təmiz Dünya" İctimai Birliyinin və məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacağın rəhbəri Mehriban Zeynalova İstanbul Konvensiyasında bir çox üstünlüklərin olduğunu deyir:

"Konvensiyanın müsbət cəhəti qadın, uşaq hüquqlarının müdafiəsi, onlara yardım edilməsilə bağlı mərkəzlərin, sığınacaqların açılması, mütəxəssislərin və sosial işçilərin hazırlanması, bu sahədə tələb olunan digər vacib məsələlərin yaradılması mexanizmlərinin orada öz əksini tapmasıdır. Buna görə də bu həm də çoxlu maliyyə tələb edən sənəddir. Konvensiyanın Azərbaycan tərəfindən indiyədək imzalanmamasının yaxşı tərəfi də vardır. Biz bu zaman ərzində onu tətbiq etmiş ölkələrin təcrübəsindən öyrənirik.

Azərbaycan hökumətinin bir neçə il öncə məişət zorakılığının qarşısının alınması ilə bağlı hazırladığı Milli Fəaliyyət Planını (MFP) bu konvensiyaya hazırlıq prosesi ola bilərdi, lakin proses sonradan nəyəsə görə dayandı. Həmin Milli Fəaliyyət Planı hətta Konvensiyaya qoşulmadan da oradakı bir çox müddəaları tamamlayırdı, onu həyata keçirməyin yollarını qoyurdu".

                       "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova

M.Zeynalova onu da deyir ki, Konvensiyanın imzalanması ilə ölkədə bu sahədə olan mövcud problemlər birdəfəlik aradan qalxmayacaq:

"Təkcə zorakılıqların qarşısını almaqla bu problemi aradan qaldırmaq mümkün deyil. Bu məsələdə həm də qadınların sosial müdafiəsini və stereotiplərlə mübarizəni güncləndirmək lazımdır. Konvensiya qanunvericiliyi gücləndirir, qanunlardakı boşluqları aradan qaldırır, təqib edir, cinayət məsuliyyətinə cəlb edir, münasibətləri dəyişir, formalaşdırır. Lakin görünən odur ki, bu, yetərli deyil".

Mehriban xanım deyir ki, sənədin ölkəmizdə ratifikasiyasının milli-mənəvi dəyərləri təhlükə altına qoyacağını düşünənlər də var. Bu konvensiya ilə həm də hər bir ölkənin öz köhnəlmiş adət-ənənələrinin aradan qaldırılmasına, cəmiyyətdə mədəni səviyyənin yüksəldilməsinə hesablanmış addımlar atılmalıdır.

"Qadına və uşağa əmlak, zorakılığa isə normal hal kimi baxılan cəmiyyətdə zorakılıq qaçılmazdır. Bəlkə, bu gün biz Konvensiyadan daha çox ilk növbədə stereotiplərin aradan qaldırılması ilə bağlı genişmiqyaslı tədbirlər keçirməliyik?! Şüur dəyişmədən 100 konvensiya qəbul edək, nə xeyri?"

Buna görə də Konvensiyanın imzalanmasının bütün problemləri qısa zamanda həll edəcəyini düşünmək sadəlövhlük olardı. 
Hüquq-mühafizə orqanlarında ailə məsələləri ilə bağlı ayrıca strukturun formalaşması, burada çalışacaq əməkdaşlara təlim və treninqlərin keçirilməsi, bu strukturlarda müəllim, həkim, psixoloq kimi vəzifələrin nəzərdə tutulması da vacibdir. “Qurbanlar üçün” xüsusi zəng və yerində müayinə xidməti yaradılmasına, cinsi zorakılığa məruz qalanlarla işləyəcək şəxslərin xüsusi ixtisaslaşdırılmasına ehtiyac var.

İstanbul Konvensiyasının 1-ci maddəsində qeyd olunur ki, qadınlar bütün formada olan zorakılıqdan müdafiə olunacaqlar və bu da qadınların əsaslı bərabərlik və gücləndirilməsini daha da təşviq edəcək. Sənəddə vurğulanır: "Qadınlara qarşı zorakılıq və məişət zorakılığı artıq şəxsi və ailə məsələsi kimi qala bilməz". 
Qeyd edək ki, İstanbul Konvensiyası Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" adlı konvensiya 1 avqust 2014-cü ildə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya və Azərbaycan hələlik konvensiyaya qoşulmayıb.

Zülfiyyə Qurbanova
BAKU.WS