VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində ölkədə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirməsini planlaşdırır.

BAKU.WS xəbər verir ki, bu sistemin əhəmiyyəti və tətbiqi ilə bağlı AZƏRTAC-ın suallarını AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov cavablandırıb. 

- İcbari tibbi sığortanın tətbiqi əhaliyə nə vəd edir?

- Əvvəlcə tibbi sığortanın inkişaf tarixi haqqında çıx qısa məlumat verim. Bu sistem ilk dəfə Almaniyada 1883-cü ildə tətbiq olunub. Zaman keçdikcə tibbi sığorta sistemi dünyanın əksər ölkələrinə yayılıb və inkişaf edib. Əslində 1883-cü ilə qədər də Almaniyada sənətkarlar tibbi xidmətlərin qiymətinin artması və onlar üçün bu xidmətlərdən istifadənin əlçatan olmaması səbəbindən sığorta (xəstəxana) kassa fondu kimi yaratmışdılar. Təbii ki, bu könüllü idi, sənətkarlar və onların ailələri kassada toplanan vəsaitlər hesabına tibbi xidmət alırdılar.

Bunu həm də sənətkarların qarşılıqlı yardımlaşması və həmrəyliyi adlandırmaq olar. Kapitalizmin inkişafı ilə sənətkarların bu həmrəyliyi rəsmiləşdirilərək kassa yığım fondları işçilərin əməkhaqqından toplanan xəstəlik sığortası fondları ilə əvəz edilib. Bu icbari idi. Fondlar işçilərin və işəgötürənlərin ayırmalarından formalaşırdı. Toplanan vəsaitlər hesabına işçi və işəgötürənlərə tibbi xidmətlər göstərilirdi.

Hər kəs çox gözəl bilir ki, yaşından, cinsindən, yaşadığı ərazidən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq heç bir şəxs xəstəlikdən sığortalanmayıb. Xəstəlik hər an hər bir insanın “həyat qapısını” döyə biləcək “amansız və gözlənilməz qonaqdır”. Hər kəs bu “amansız və gözlənilməz qonağı qarşılamaq” iqtidarında olmalıdır. Məhz icbari tibbi sığorta sisteminin tətbiqi ilə bu mümkündür. Əks halda nəticə faciəli ola bilər.

Bilirsiniz ki, son 100 ildə bir tərəfdən ətraf mühitin çirklənməsi, qida çatışmazlığı, geni dəyişdirilmiş məhsullar və s. səbəblərdən dünyada xəstəliklərin və xəstələnənlərin sayının artması, digər tərəfdən daim artan qiymətlər, inflyasiya, təbəqələşmənin və sosial problemlərin dərinləşməsi, iqtisadi böhranlar və s. səbəblərdən yaranan yoxsullaşma, digər bir tərəfdən də səhiyyə sistemində müasir tibbi avadanlıqlardan və texnologiyalardan istifadə tibbi xidmətlərin də qiymətinə təsir göstərmişdi.

Nəticədə aşağı və orta gəlirli insanlar üçün tibbi xidmətlər əlçatmaz olmuşdur. Bu gün hətta inkişaf etmiş ölkələrdə belə hökumətlər tibbi xidmətlərin maliyyələşməsini tam olaraq öz üzərilərinə götürə bilmirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünya əhalisinin ən azı yarısı hələ də əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmur. Milyonlarla insan xəstəliklər və tibbi xidmətlərin əlyetər olmaması səbəbindən dünyasını dəyişir, əlil olur, iş yerini itirir, yoxsullaşır. Odur ki, dövlətlər, hökumətlər əhalinin sağlamlığını qorumaq üçün tibbi xidmətlərin hər kəs üçün əlçatan olması üçün yollar axtarırlar. Bunun üçün də bütün əhaliyə təməl tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əlavə maliyyə mənbəyi tapmaq, həmçinin tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün islahatlar aparılır.

Hazırda ən mütərəqqi yol həmrəylik prinsipinə əsaslanan icbari tibbi sığortanın tətbiq olunmasıdır. Bu o deməkdir ki, işçi və işəgötürənlər tibbi sığorta haqqı ödəməklə toplanan vəsaitlə tibbi xidmətləri hər kəs üçün əlçatan edirlər. Yəni icbari tibbi sığorta yuxarıda sadalanan problemlərin həlli edilməsi üçün mühüm vasitədir.

- Azərbaycanda icbari tibbi sığorta sisteminin əsas mühüm sosial əhəmiyyətini necə ifadə etmək olar?

- 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığortanın geniş tətbiqinə başlanılacaq. Bu sistem ölkə əhalisi üçün həyati əhəmiyyət daşıyır. Bilirsiniz ki, 2017-ci ildən Mingəçevir, Yevlax və Ağdaşda bu sistem uğurla sınaqdan keçirilib. Gələn ildən bu sistemin bütün ölkə ərazisində mərhələli tətbiqi nəzərdə tutulub. Lakin əhalinin, tibbi heyətin, işəgötürən və işçilərin icbari tibbi sığortanın mahiyyəti və əhəmiyyəti, sığorta haqlarının toplanması, göstəriləcək xidmətlərlə bağlı məlumatsızlığı müşahidə edilir. Hesab edirik ki, bu sistemin tətbiqi ilə bağlı əhalinin marifləndirilməsi vacibdir. Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, İcbari Tibbi Sığorta Agentliyinin təşkilatı dəstəyi ilə QHT-lər, KİV-lər maarifləndirmə istiqamətində işlər görürlər.

AMEA İqtisadiyyat İnstitutu, Türkdilli Dövlətlərin İqtisadçilari İctimai Birliyi bu prosesdə yaxından iştirak edir. Məqsədimiz insanları maarifləndirmək, icbari tibbi sığortanın sosial əhəmiyyətini onlara çatdırmaqdır. Bu sistem səhiyyə sahəsində mövcud olan bir sıra neqativ halların da qarşısının alınması ilə yanaşı, tibbi heyətin əməkhaqqının artmasına, səhiyyə sistemində şəffaflığın yaranmasına, insanların xəstələndiyi anda müayinə və müalicə olunmasına şərait yaradacaq.

2020-ci ilin sonuna qədər bütün ölkə ərazisində insanlar 3000 diaqnoz və xəstəlik üzrə pulsuz müayinə və müalicə olunmaq imkanı qazanacaq. Bu əlillərin sayının azalması, xəstəliklərin qarşısının erkən mərhələdə alınması , orta ömür müddətinin artması, insanların iş həyatında daha fəal olması, eyni zamanda yoxsulluqla mübarizə deməkdir. Bu sistem ölkədə insan kapitalının inkişafına da müsbət təsir göstərəcək.

Azərbaycanda bu sistemin regionlardan başlanması daha önəmlidir. Bir statistikanı diqqətinizə çatdırmaq istəyirəm. 2018-ci ildə yaşı 18-dək olan 5800 nəfər uşağın sağlamlıq imkanlarının məhdud olduğu müəyyən edilmişdir. Şəhər yerlərində onların sayı 800 nəfər, kənd yerlərində 5000 min nəfərdir. Eyni zamanda ilk dəfə əlilliyi müəyyən edilən 18 və yuxarı yaşda olan insanların sayı ölkə üzrə 18500 nəfər, şəhər yerlərində 3900, kənd yerlərində 14600 nəfər olmuşdur. Böyük ehtimalla bunların bir qismi səhiyyə xidmətlərinin zamanında əlçatan olmaması səbəbindən əlil olmuşlar.

- Bu sistem necə işləyəcək? Bütün əhali icbari tibbi sığortadan yararlana biləcəkmi?

- Təbii ki, bütün əhali yararlanacaq. Lakin bu sistemin qısa müddətdə bütün ölkədə tətbiq olunması texniki-texnoloji və təşkilati baxımdan çətinlik yarada bilər. Çünki sistemin işləməsi üçün proqram təminatı, elektronlaşdırma sisteminin yüksək səviyyədə qurulması tələb olunur. Bu səbəbdən sistemə mərhələli, lakin mümkün qədər qısa müddətdə keçid olmalıdır. Mərhələli keçid, həm də ona görə əhəmiyyətlidir ki, birinci mərhələdə yaranacaq problemlər sonrakı mərhələlərdə aradan qaldırılacaq. Beləliklə həm əlavə vəsait itkisinin qarşısı alınacaq, həm də sistem daha effektli işləyəcək.

Ən önəmlisi insanlar xəstələndiyi anda sığorta hüququndan istifadə etməklə ilkin tibbi xidmətlərə müraciət edə biləcək. Bu çox önəmlidir. Çünki müayinə, müalicə üçün tələb olunan xidmətlərin bahalı olması səbəbindən insanlar vaxtında yəni xəstəliyin ilkin mərhələsində həkimə müraciət edə bilmirlər. Nəticədə xəstəlik ağırlaşır, digər orqanların da sıradan çıxmasına səbəb olur. Bu zaman xəstənin sağalması daha böyük zaman və xərc tələb edir. İcbari tibbi sığortanın tətbiqi bu problemləri azaldacaq, insanlar xəstəlik kəskinləşmədən, yəni başlanğıc mərhələsində tibbi xidmətlərdən istifadə edə biləcəklər.

- Sistemin maliyyələşməsi necə olacaq?

- Bu günlərdə, daha doğrusu dünən Milli Məclisin növbəti plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığorta baza və əlavə zərflərdən ibarət olmayacaq. Bunlar birləşdirilərək vahid toplu şəklində xidmətləri - ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsindən ildə adambaşına 90 manat, ortalama 900 milyon manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Bundan başqa işçi və işgötürənlərdən, fiziki sahibkarlardan toplanan vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək.

Diqqətinizə çatdırım ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması nəzərdə tutulub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Ümumilikdə əhaliyə 3000 adda diaqnoz və xəstəlikıər üzrə tibbi xidmət göstəriləcək. Əlbəttə insanların sağlamlığının qorunması, xəstəliyin və maddi imkansızlığın yaratdığı psixoloji sıxıntılar minimuma enəcəkdir ki, bu da çox böyük bir işdir. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

BAKU.WS