SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda və Abşeronda güclü şimal-qərb küləyi müşahidə olunur. 

BAKU.WS xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da kosmik hava durumu ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, güclü külək sonradan fırtına ilə müşayiət olunacaq. Həmçinin Azərbaycanda maqnit qasırğası baş verəcək. Digər rəsmi qurumlar da, güclü küləklə bağlı xəbərdarlıq edib. Güclü küləkli havada insanları diqqətli olmağa çağırırlar.

Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb. Bu barədə "Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərlə yerləşdirilib: “SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyyə edilib.

BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri  Tamam Bayatlı isə BAKU.WS-ə bildirib ki, müəyyənləşdirilmiş təhlükəsiz iş qaydalarına riayət etməklə işlər davam etdirilir: “BP-nin hər bir hava şəraiti üçün, o cümlədən güclü külək üçün təhlükəsiz  iş qaydaları mövcuddur və həmin qaydalar belə hava şəraitində işə salınır. Bu qaydalara hamının riayət etməsi gözlənilir. Məsələn, güclü hava şəraitində hər hansı bir ağır yük qaldırmaq və açıq havada aparılacaq işlər planlaşdırılırsa, həmin külək şəraitinə uyğun olaraq işlər təxirə salınır. Açıq havada işlər aparılmır, ağır yüklər qaldırılmır və planlaşdırılmış hər hansı avadanlığın dəyişidirilməsi təxirə salınır”.

Orxan Hüseyn
BAKU.WS