SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərdən danışıb.

BAKU.WS
 xəbər verir ki, dövlət başçısı bildirib ki, bu məsələ artıq neçə vaxtdır müzakirə olunur:

"Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.

Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".

Zülfiyyə Qurbanova
BAKU.WS