13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Dekabrın 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün yeni inşa edilən kooperativ yaşayış binası istifadəyə verilib.

BAKU.WS-in AZƏRTAC-a istinadən xəbər verir ki, rəmzi açılışı bildirən lent kəsildikdən sonra binada yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, Yasamal rayonu ərazisində yerləşən 16 mərtəbəli, 172 mənzilli binada sakinlər üçün hər cür şərait yaradılıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistləri ev almaları münasibətilə təbrik edib. Ölkəmizdə mətbuat və söz azadlığının inkişafı, jurnalistlərə dövlət qayğısından danışan Əli Həsənov vurğulayıb ki, media işçilərinə göstərilən diqqət və qayğı bundan sonra da davam edəcək. Azərbaycan dövləti demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının, azad və plüralist medianın daha da inkişafında, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində maraqlıdır və qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirir. Dövlətimizin başçısı İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşıb.

Prezidentin köməkçisi bildirib ki, bu gün diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişafı, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət həm də jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi də istənilən vəziyyətdə məsuliyyət hissini itirməməli və milli birliyə, eyni zamanda, milli maraqların qorunmasına mane olan addımlar atmamalıdır.

Jurnalistlər adından çıxış edən Qərənfil Xəlilova onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda informasiya azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinə dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu da jurnalistlərin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə stimul verir.

BAKU.WS