Əli Həsənov: "MTN öz məqsədləri üçün vəzifəli şəxsləri dinləyib"
"MTN-nin bir sıra əməkdaşları səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrlə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. MTN-in sabiq rəhbərliyi hüquqazidd əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib. Nəticədə vətəndaşlara və dövlətə külli miqdarda ziyan dəyib".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və mənfi halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan qanunlarına hörmətsizlik göstərən hər kəsin aqibəti MTN və RYTN-in sabiq rəhbərlərinin və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək.
"Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən dövlətdir, ölkədə bütün məsələlər Konstitusiya və mövcud qanunvericilik əsasında tənzimlənir. Əlbəttə, Bakının ətrafında yerləşən Nardaran qəsəbəsinin uzun illərdir bəzi cinayətkar ünsürlərin, din pərdəsi altında gizlənmiş terrorçuların, xarici agentlərin məskəninə çevrilməsi, bu qəsəbədə ölkə qanunlarının işləməməsi, dövlət orqanlarının, bələdiyyənin fəaliyyət göstərməməsi artıq dözülməz hal almışdı. Qəsəbədə mövcud ab-hava Azərbaycan reallığını tam inkar edərək daha çox dini-teokratik cəmiyyəti xatırladırdı. Noyabrın 16-da silahlı dəstə tərəfindən iki polis əməkdaşının qətlə yetirilməsi qəsəbədəki özbaşınalığın son həddi oldu və bu ərazidə konstitusion quruluşun bərpa edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini zəruri etdi. Dekabrın 1-dən etibarən hüquq mühafizə orqanlarının Nardaranda birgə xüsusi əməliyyat keçirməsi də bu məqsədi daşıyırdı. Həyata keçirilən əməliyyat nəticəsində qəsəbə terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb. Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq".
PA rəsmisi əlavə edib ki, qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılır: "Cənab Prezidentin göstərişinə əsasən Nardaranın abadlaşdırılması, qəsəbədəki infrastrukturun yenilənməsi, sakinlərin sosial problemlərinin həlli məqsədilə ilkin olaraq 12 milyon manat məbləğində vəsait ayrılıb.
Dekabrın əvvəlində "Günəşli” yatağındakı platformada baş vermiş faciə proqnozlaşdırılması mümkün olmayan təbii fəlakətin yaratdığı qəza idi. Baş verən hadisə zamanı istər SOCAR, istərsə də Fövqəladə Hallar Nazirliyi əlaqəli şəkildə fəaliyyət göstərərək şəraitin imkan verdiyi xilasetmə tədbirləri həyata keçiriblər. Təəssüf ki, təbii fəlakətin miqyası bütün gözlənti və ehtimallardan qat-qat böyük olduğundan görülən tədbirlər lazımi səmərə vermədi.
Təbii ki, bu qəzadan müəyyən nəticələr çıxarılacaq. Qəza haqda xəbərlər dəqiqləşəndən dərhal sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkə ərazisində birgünlük rəsmi matəm elan olunub, qəzanın səbəblərinin öyrənilməsi və nəticələrinin aradan qaldırılması üçün komissiya yaradılıb. Dənizdə qəhrəmancasına həlak olan neftçilərimizin ailələrinə kompensasiyalar verilib, müvafiq qanunvericiliyə uyğun şəkildə ailə üzvləri üçün yüksək həcmdə təqaüdlər müəyyən edilib, yaralı neftçilərin müalicəsinə hər cür şərait yaradılıb, həlak olanların dəfnini dövlət öz üzərinə götürüb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün digər zəruri tədbirlər davam etdirilir".
BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov manatdan danışdı: "Devalvasiya sosial baxımdan mənfi haldır"
"Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslə...