Bu il bir sıra cərimələrin tətbiqinə başlanılıb. Bu cərimələr "İnzibati Xətalar Məcəlləsi"nə ediləcək son dəyişiklilərdə də öz əksini tapacaq. Dünyada gedən iqtisadi böhran nəticəsində sosila təminatı onsuz da ağırlaşmaqda olan ölkə vətəndaşlarının bu cərimələri ödəməyə maddi imkanları çatacaqmı? Bu özü böyük sual altındadır. 
 
BAKU.WS yeni tətbiq edilən cərimələr və ölkə əhalisinin orta aylıq gəlirini müqayisəli şəkildə təqdim edir.
 
Dərsə getməyən məktəblilər cərimə olunacaq
 


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 51.1-1-ci maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək. Dəyişiklik səsə qoyularaq qəbul edilib.
 
Evdə səs-küy salanların cəriməsi artırıldı

 

Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Belə ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir.
 
Azərbaycanda 50 manatdan baha nağd alkoqollu içki alanlar cərimələnəcək
 


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
 
Qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək
 
 



Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında” Qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək. Bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinə əsasən qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər.

Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur.

Həmçinin, yeni Məcəlləyə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat bəbləğində cərimə edilir.

Bir müddət bundan öncə Azərbaycanda ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə, 50 manat məbləğində cərimə tətbiq edilməsinə başlanılıb.

Heyvanları şikəst edənlər böyük məbləğdə cərimələnəcək  

 
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.

Hazırkı məcəllədə yalnız lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə cərimə var.

Bu hala görə fiziki şəxslər 200 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək miqdarda cərimə edilir.

Yeni layihəyə görə, qurumuş bitkilərin heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılması, heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi, heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulması və s. heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması halları hesab ediləcək.

Bu hallara görə fiziki şəxslər 500-700, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 5500-7000 manat miqdarında cərimələnəcək.
 
Valdeynlərinə baxmaqdan imtina edənlərin də cəriməsi artırıldı
 


Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə onlara xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir.
 
Hazırkı Məcəlləyə əsasən isə eyni əmələ görə şəxs xəbərdarlıq edilir və ya 30 manatdan 40 manatadək miqdarda cərimə edilir.
 
Azərbaycanda vətəndaşların orta aylıq gəlirləri
 


Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqısı 442,1 manatdır.
 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 754,6 manat, qeyri-neft sektorunda 409 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 567,5 manat təşkil edir.
 
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqısı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqısı isə 311,1 manat olduğu bildirilir. 
 
Azərbaycanda ahıl yaşında olan insanların orta aylıq pensiya təminatı 175 manatdır. Əlilliyinə görə orta aylıq pensiya təminatı isə belə müəyyən olunub: I qrup əlillər üçün orta aylıq pensiya təminatı 110 manatdan 150 manatadək, II qrup əlillər üçün 85 manatdan 130 manatadək, III qrup əlillər üçün isə 60 manatdan 100 manatadək təşkil edir.
 
Minimum əmək haqqı isə ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib. Görəsən bu gəlirlə Azərbaycan vətəndaşzları bu cür böyük məbləğdə cərimələrin öhdəsindən gələ biləcəklərmi? 
 
Ayşən Ayxan
BAKU.WS