13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Yasamal rayonunun Balababa Məcidov və Abdulla Şaiq küçələrində yenidənqurma işlərinə başlanılıb.

Təmir işlərini həyata keçirən "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Balababa Məcidov küçəsinin yenidən qurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospektləri arasında yerləşən təqribən 560 metrlik hissəsidir. Abdulla Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazi Balababa Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında 635 metrlik hissədə yerləşir.

Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq, ərazidən daşınır.

Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək. Bundan başqa, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2500 paqonmetr səki daşı düzüləcək. Ümumilikdə Balababa Məcidov və Abdulla Şaiq küçələrinin təqribən 18 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Yenidənqurma işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmaqdadır.
 
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq göndərilib. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.
 
BAKU.WS