"Bu həftə ərzində Bakıda bütün yaşayış binalarına və obyektlərə istilik sistemi tam veriləcək. Artıq bununla bağlı qazanxanalara təbii qazın verilişinə başlanılıb”.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Karbalayev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti qazanxanalara qaz verilişinin bərpası ilə bağlı noyabrın 18-də müraciət olub.


"Ötən həftə 70-dən çox qazanxanaya təbii qaz verilib. Qazanxanalar növbəli şəkildə qazlaşdırılır. Bu həftə ərzində bütün qazanxanalar qazlaşdırılacaq”, - deyə İbrahim Karbalayev bildirib.

"Azəristiliktəchizat” ASC-nin rəisi Rafiq Əliyev də BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakının Xətai, Nizami, Nərimanov, Yasamal, Binəqədi rayonunda bir çox qazanxanalar istiliklə təmin edilib. Onun sözlərinə görə, 2-3 gün ərzində digər qazanxanalar da qazlaşdırılacaq.

"Bu həftənin sonuna qədər paytaxtdakı bütün yaşayış binaları istiliklə təmin ediləcək. Bu məsələ dövlət səviyyəsində həll edilir”, - deyə Rafiq Əliyev bildirib.

Qeyd edək ki, bu il Bakıda 3600 yaşayış binasına istilik sistemi veriləcək. Ötən il isə bu rəqəm 3100 idi. Bundan başqa, 287 məktəb, 180 uşaq bağçası, 150 səhiyyə obyekti və 700 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub. Hər il olduğu kimi Bakıda istilik noyabrın 15-də verilməliydi. Lakin "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” İstehsalat Birliyinə ötən illərdən borcu qalmışdı. Bu səbəbdən də, əhaliyə istilik hələ də verilməyib.
 
Ziya Səccad

BAKU.WS