VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri körpünün giriş və çıxışlarında, həmçinin qovşaqlarda aparılır. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək,ərazidən daşınıb.

Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.

Qeyd edək ki,təmir işlərinin aparıldığı bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq digər zolağa yönləndirilir. Bu üzdən Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC aparılan təmir işləri ilə bağlı yaranmış müvəqqəti narahatçılığa görə üzr üstəyir.

Ziya Səccad
BAKU.WS