23 küçə və yol təmir olunur - FOTO
Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.
BAKU.WS xəbər verir ki, ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Artıq layihə üzrə Saray qəsəbəsində təmiri nəzərdə tutulan 5 küçədə işlər yekunlaşıb. Bu uzunluğu 2.4 km olan Heydər Əliyev prospekti, 1.2 km-lik Sülh və 1.4 km-lik Sabir küçələri, ümumi uzunluğu 1.1 km olan 2 və 3 saylı orta məktəblərə gedən yollar, həmçinin Aşıq İmran küçəsidir. Təmir olunan küçələrin ümumi uzunluğu 6100 metr, sahəsi isə 60 min kv.m-dən çoxdur.
Masazır kəndində sərəncama əsasən təmiri nəzərdə tutulan 7 küçədən 2-də işlər tamamlanıb. Bu uzunluğu 720 metr olan Şıxəli Qurbanov və 1.9 km-lik Akim Abbasov küçələridir.
Ümumi uzunluqları 4.4 km, sahəsi 27 min kv.m-dən çox olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələrinin isə bu ilin sonunadək təmir olunaraq vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
Mehdiabad qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan 5 küçədən 1-də əsaslı yenidənqurma işləri artıq bitib. Söhbət uzunluğu 2 km olan Qara Qarayev küçəsindən gedir.
Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Küçə Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.
Sözügedən qəsəbə üzrə təmiri nəzərdə tutulan Cəfər Cabbarlı, Əhməd Cavad, Çingiz Mustafayev və İsmət Qayıbov küçələrində yenidənqurma işlərinə artıq start verilib.
Ümumi uzunluğu 5.2 km, sahəsi 39 min kv.m-dən çox olan sözügedən küçələrin təmiri ilin sonunadək yekunlaşdırılacaq.
Cari ildə Ceyranbatan qəsəbəsi üzrə əsaslı təmiri həyata keçirilməli olan Heydər Əliyev küçəsində aparılan yenədənqurma işləri isə artıq bitmək üzrədir. Uzunluğu 1.2 km, sahəsi 10 min kv.m-dən çox olan küçədə işləri qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 4 küçədə təmir-tikinti işləri həyata keçirilir.
Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.
Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Abşeronda böyük tikinti - 23 küçə və yol təmir olunur - FOTO
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yolları...