SİZİN REKLAM BURADA!
055 213 76 73


"May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

O həmçinin qeyd edib ki bu, kağız üzərində olan arayışlara bərabər olacaq:

"Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında (RMX) elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub. Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq". 

TƏBİB rəhbəri qeyd edib ki, yeni üsulla tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq:

"Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.

V.Qurbanov bu gün ən çox müraciət olunan arayışların işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlar olduğunu bildirib:

"2023-cü ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 vətəndaşa isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir".

Vüqar Qurbanovun sözlərinə görə, icbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması  haqqında” Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb.  

BAKU.WS
QALEREYA