SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

BAKU.WS-in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar.

Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib. Hər iki halla bağlıBaş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

"Lakin təəssüflə bildirirəm ki, yol nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də sürücülərin diqqəti yayındıran hərəkətlərdən istifadə etməsidir. Bunlardan biri də mobil telefondur. Bəzi sürücülər mobil telefondan istifadə edərək nəqliyyat vasitəsini idarə edirlər. Bu da sonda arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.

Qeyd edilən videoda avtobus sürücüsü tərəfimizdən aşkarlanıb, barəsində qanunamüvafiq tədbir görülüb. İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən sürücüyə 50 manat dəyərində protokol tərtib edilib. Sürücülər nəzərə almalıdır ki, özləri ilə yanaşı sərnişinlərin də həyat və sağlamlığını təhlükə altına atır. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər isə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.

Digər yayılan videoda isə sərnişindaşıma qaydaları pozulub. Avtobus sürücüsü də buna ciddi şəkildə nəzarət etməyib. Hazırda həmin videodakı avtobus araşdırılır".

Orxan Hüseyn
BAKU.WS
VİDEO