VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər respublikanın bəzi bölgələrində qızılcaya yoluxma halları artıb. Zaqatala, Cəlilabad və Kürdəmirdə qızılcanın yayılması və ağırlaşma halları ilə xəstəxanaya müraciət edənlərin sayında artım var. Cəlilabadda son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.

Üç gün əvvəl isə Kürdəmirdə qızılcaya yoluxan və qızdırması düşməyən dörd yaşlı körpə xəstəxanaya gətirilərkən vəfat edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxma halları və ağırlaşmalar qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda da qızılcadan qorunmaq üçün peyvənd olunmağın vacibliyi qeyd edilib. Qızılca əleyhinə peyvəndin ödənişsiz olduğu da vurğulanıb.

Buna baxmayaraq, son illər valideynlər arasında uşaqlara tətbiq edilən peyvəndlərə qarşı etibarsızlıq var. Valideynlər peyvəndlərin xəstəlik, fiziki qüsurlar yaratdığını bildirərək ondan imtina edirlər. Bəzi valideynlərin iddiasına görə, tibb müəssisələrində çalışan həkimlərin özləri valideynlərə peyvənd olunmamağı məsləhət görürlər. Onlar peyvəndin həm də Hindistanda istehsal olunduğunu əsas gətirərək uşaqlarını bundan “qoruyurlar”.

Maraqlıdır, valideynlər arasında peyvənd haqqında bu fikirləri kim yayır? Bu fikirlərin formalaşmasında günahkar kimdir?

Mövzu ilə bağlı həkim-pediatr Vaqif Qarayev Bizim.media-ya açıqlamasında peyvənd haqqında yayılan fikirlərin əsassız olduğunu bildirib:

“Qızılca yoluxucu xəstəlikdir, yoluxma daha çox bağça və məktəblərdə sürətlə yayılır. Qızılcadan qorunmağın yeganə yolu peyvənddir, başqa yol yoxdur. Bütün dünyada belədir, sovet dönəmində bu peyvənd səhiyyənin strateji qolu idi. Xatırlayıram ki, bəzi cahil valideynləri polislə poliklinikalara gətirirdik.
İndi uşaq hüququ, valideyn, ananın hüququ deyilir və mən bunu anlayıram. Təbii ki, kiminsə peyvənd vurdurmamaq hüququ var, amma mənim uşağımı yoluxdurur. COVID-19-dan sonra sosial şəbəkədə peyvənd əleyhinə təbliğat aparan ordu yaranıb. Kefləri nə istəyir, yazırlar, amma heç biri də ciddi bir elmi mənbəyə, mərkəzə istinad etmir.

Biri yazır ki, peyvənd zəhərləyir, autizm, əlillik yaradır. Amma ciddi sübutu yoxdur. Bir vaksin ki sənin uşağını ölümdən qoruyur, o necə ziyan verə bilər? Koronavirusdan sonra boşboğaz kütlə üçün bu, əsl mövzu idi. Onu da deyim ki, qızılca elə də ağır xəstəlik deyil, simptomatik müalicəsi var, amma ağırlaşması çox təhlükəlidir”.

Həkim vaksinlərin tərkibinin eyni olduğunu, beynəlxalq standartlardan keçdiyini qeyd edib:

“İstənilən vaksin beynəlxalq standartlardan keçib, sonra istifadəyə verilir. Yəni heç kim ətəyində vaksin gətirib Azərbaycanda sata, poliklinikaya verə bilməz. Bu, mümkünsüzdür. COVID-19-dan qabaq qızılca geniş yayılmışdı, təcrid vaxtı bunlar aradan çıxdı. Yenidən yoluxma artıb. İndi baxırıq ki, qızılca ən çox rayonlarda və peyvənd olunmayan uşaqlardadır. Qızılca peyvəndi davamlı immunitet almaq üçün iki dəfə, bir və altı yaşında olunur”.

Vaqif Qarayev övladlarını peyvənd olunmaqdan çəkindirən həmkarlarını qınayıb:

“Mənə valideynlər deyirlər ki, həkim deyir ki, peyvənd eləmə. Bunu bir, iki adam demir. Az olsa, ananın özünü qorumaq üçün dediyini fikirləşərsən. Bu, dəhşətdir. Əlim çatmır, yoxsa həmin həkimin yaxasından tutub o sualı verərdim ki, bəs nə məsləhət görürsən? Ana uşağını bu infeksiyalardan necə qorusun?! Adam dəli olmaq dərəcəsinə çatır. İlin-günün bu vaxtı təbabətin, tibbin əleyhinə necə getmək olar? Deyirlər ki, peyvənd lazım deyil. Bəs nə lazımdır, deyin, bilək də...” - deyə pediatr əsəbiləşib.

BAKU.WS