SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq 5 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir. 

BAKU.WS xəbər verir ki, bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprelin 12-də təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində ilk təşəbbüsü Türkmənistan nümayəndələri göstərib.

Velosiped maddi cəhətdən çox sərfəli və ekoloji təmiz nəqliyyat növüdür. Bu nəqliyyat vasitəsilə hərəkət etmə idmanın inkişafına və ətraf mühitlə daha yaxın olmağa kömək edir.

Statistik məlumatlara əsasən, 2030-cu ilə qədər Avropada velosipedçilərin, eləcə də velosiped vasitəsilə səyahətlərin sayı 2 dəfə artmalıdır. Velosiped sürməyin populyarlaşması üzrə Panavropa planına imza atan 56 ölkənin təmsilçiləri bu fikirdədir.

Azərbaycan Dəmir Yolu da velosiped nəqliyyatının inkişafından kənarda qalmayıb: paytaxtımızın müxtəlif hissələrində yerləşən yeni parklar xüsusi velosiped cığırları ilə təchiz olunur, velosipedlərin icarəsi üçün məntəqələr yaradılır. İri marketlər velosipedlərin rahat parkinqi üçün artıq xüsusi zonalar ayırır.

Azərbaycanda velosiped yarışları mütəmadi olaraq təşkil edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə də Veloparkda “Az avtomobil - çox həyat” şüarı ilə Dünya Sağlamlıq Gününə həsr olunmuş velosiped yürüşləri keçirilib. Kampaniyanın əsas məqsədi, sağlam həyat tərzi ilə yanaşı, həftəsonları avtomobilsiz istirahət etmək ənənəsini formalaşdırmaqdır.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə uyğun gəlir.

Velosipedlər istixana qazlarını atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada nəqliyyatın havanı çirkləndirməsi nəticəsində hər il təxminən 500 min insan ölür. Yol-nəqliyyat hadisələri bir ildə 90 min nəfərin həyatına son qoyur. Təxminən 70 milyon insan həddindən artıq küçə səs-küyündən əziyyət çəkir.

BAKU.WS