SİZİN REKLAM BURADA!
055 213 76 73



ANS-in bağlanmasından 3 ay ötdü. 3 ay ərzində ANS-in bağlanmasından kim nə itirdi və kim nə qazandı sualına cavab axtaranların sayı isə daha çox artdı. Həm də ANS-in cəmiyyətdəki roluna bir aydınlıq gətirildi. Maraqlıdır, bəs ANS-in cəmiyyətdəki rolu nədir? Savaş jurnalistikası. 

Öncəliklə aydın oldu ki, ANS-in ruhu bütövlükdə savaş jurnalistikası üzərində qurulub. Digər kanallar atəşkəs jurnalistikasının prinsipləri ilə formalaşıb və istidən-soyuqdan yayınmağa daha çox cəhd edirdilərsə, ANS-in savaş jurnalistikası atəş səslərini daha tez eşitməyə qadir oldu. Bu səbəbdən cəbhə bölgəsindəki ən son xəbərləri cəmiyyət, hətta Müdafiə Nazirliyinin mətbuat xidmətindən öncə ANS-dən eşitməyə çalışır və bu xəbərlərə daha çox inanırdılar. 

Elə aprel hadisələri zamanı bütün diqqət cəbhəyə ANS vasitəsi ilə yönəlmişdi. ANS isə Vahid Mustafayevlə Mir Şahinin simasında bu gözləntiləri doğrulda bildi. Əslində ANS-in yaradıcıları olan Vahid Mustafayev, Seyfulla Mustafayev və Mir Şahin birinci Qarabağ savaşının ilk günlərindən savaş tarixini yazmağa çalışdılar və buna nail oldular. Həmçinin Milli Qəhraman, şəhid Çingiz Mustafayev faktoru da ANS-in informasiya siyasətinin formalaşmasına ciddi təsirini göstərdi. Bütün bunlar isə iki ciddi məqamla nəticələnirdi.

1. Həssas məqamda cəmiyyətin səfərbər olunmasında ANS müstəsna rol oyanaya bilir. 

2. Qarabağ problemini hər an cəmiyyətin diqqətində saxlayır.

Bu isə özlüyündə cəbhə ilə cəmiyyət arasındakı körpünün yaranması idi və ANS-in ən başlıca missiyasından biri də budur. Həmçinin unutmayaq ki, bu gün müharibələr səngərlərdə yox, informasiya məkanında udulur. Deməli ANS-in bağlanması informasiya savaşında Azərbaycana ciddi zərbə olacaq. 

Siyasi proseslərə təsir etmə imkanları 

3 aylıq ANS-sizlik sübut etdi ki, bu kanal həm də siyasi proseslərə birbaşa təsir etmə gücünə sahib idi və hər zaman dövlətçilik maraqlarını üstün sayan kanal siyasi səhnədə də səfərbərliyin təşkilinə şərik ola bilirdi. Gəlin bir məqamı yada salaq. Bir neçə il öncə gözlənilmədən ortaya bir məqam çıxdı: Türkiyə Ermənistanla sərhədləri açmağa hazırlıq görür. İlk sərt reaksiya Prezident İlham Əliyevdən gəldi. Dövlətçilik maraqlarina həssas yanaşan İlham Əliyev ən sərt addımı belə atmağa, dünya gücləri ilə üz-üzə gəlməyə hazır olduğunu nümayiş etdirdi. Düzdür, cəmiyyət prezidentin bu reaksiyasına açıq dəstək verdi. Amma... Amma elektron media bir müddət susqunluğa üstünlük verdilər. Məhz Fətullah Gülənlə bağlılığı olan və Azərbaycanda fəaliyyət göstərən kanallardan biri açıq şəkildə Türkiyənin yanında dayandı, bəziləri isə ümumiyyətlə heç nə olmamış kimi mətbəx verlişlərindən kənara çıxmadılar. ANS isə yenə meydanda idi.
 
Məhz ANS-in həyata keçirtdiyi informasiya siyasəti nəticəsində PREZİDENT İLHAM ƏLİYEVİN HAQLI MÖVQEYİ TÜRKİYƏ MEDİASININ VƏ CƏMİYYƏTİNİN DİQQƏTİNƏ ÇATDIRILDI. Qısa zaman ərzində jurnalistlərin Türkiyəyə səfərləri təşkil edildi, Türkiyənin siyasi elitası ANS-in efirində geri çəkilmə açıqlamaları verməyə başladılar. Bu isə bir daha sübut etdi ki, ANS prezidentin haqlı mövqeyinin yanında dayandı və Azərbaycan maraqlarına zərrə qədər şübhə ilə yanaşmadı. Bütün bunlar isə sübut etdi ki, ANS siyasi səfərbərlik prosesinin lokomotivi olmağı bacarır. 

Cəmiyyətin səsinin eşidildiyi qutu - ANS-in cəmiyyətdə üzərinə götürdüyü vəzifələrdən biri də ölkədə hər hansı kütləvi sabotajın qarşısını almaq idi. Xatırlayırsınızsa, bir müddət öncə ölkədə devalvasiya prosesi başlayanda yenə siyasi elitada bir boşluq yaranmışdı. Prezident İlham Əliyevdən başqa heç kim məsələyə aydınlıq gətirməyə çalışmırdı və ölkə demək olar ki, iqtisadi sabotajla üz-üzə qalmışdı. Məhz bu məqamda yenə meydanda ANS göründü. İlk növbə də ən yüksək ranqlı dövlət məmurları ANS efirinə dəvət edildilər və cəmiyyətdə marifləndirmə işlərinə start verildi. Hətta kanalın prezidenti Vahid Mustafayevin özü bir neçə dəfə efirə çıxaraq yaranmış iqtisadi sabotaj təhlükəsindən danışdı və cəmiyyətdə aydınlaşmaya kifayət qədər təsir göstərə bildi. 

Bütün bunlar isə sübut etdi ki, ANS cəmiyyətlə dövlət məmurları arasında bir körpü yarada bilirdi və prezident İlham Əliyevin dediyi ictimai nəzarət vəzifəsini üzərinə götürə bilirdi. Nəhayət, bütün bunlardan sonra "ANS-in bağlanması nəticəsində nələri itirdik?”, sualına cavab tapmaq sözsüz ki, çətin olmayacaq. 3 aylıq ANS-sizlik bunu sübut etdi və hesab etmək olar ki, məhz elə yuxarıdakı arqumentlərə görə ANS-in bərpasına prezident İlham Əliyev yaşıl işıq yandıracaq.
 
Çünki ANS hər zaman PREZIDENT İLHAM ƏLIYEVİN QORUDUĞU DÖVLƏTÇİLİK MARAQLARININ YANINDA DAYANIB.
 
Saleh Əliyev
BAKU.WS