SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə paytaxtda, metronun "Nərimanov" stansiyası yaxınlığında xəstə uşağın müalicəsi üçün pul toplayan qazinin görüntüləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.  

BAKU.WS xəbər verir ki, video qısa zamanda sosial şəbəkələrdə yayılıb. 

İzləyicilər xəstəlikdən əziyyət çəkən balacanın müalicəsi üçün tələb olunan pulu toplamağa çalışan hərbi geyimli qazini ittiham edib, vəziyyəti pisləyiblər.

Sirr deyil ki, son vaxtlar xəstə uşaqların müalicəsinə görə pul toplanması halları istər küçələrdə, istərsə də sosial şəbəkələrdə bir xeyli artıb. Maraqlısı isə bundadır ki, bəzi xəstəliklərin müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Bəs, görəsən, valideynləri belə addım atmağa nə vadar edir? Nəzərə alsaq ki, belə həssas məqamlar dələduzlar üçün sui-istifadə hallarına yol açır, onda vəziyyət bir qədər də qəlizləşir. 

BAKU.WS-in əməkdaşı ilk olaraq elə dünənki hadisənin qəhrəmanlarından biri - balaca Mələyin anası Pərvin Rzazadə ilə həmsöhbət oldu. 

Qadın bildirdi ki, Mələyə ölkəmizdə - Nevroloji xəstəxanada serebral iflic diaqnozu qoyulub.

O ki qaldı müalicənin ölkəmizdə ödənişsiz mümkün olub-olmadığına, vəziyyət belədir...

"Müalicə üçün 70 min manat pul lazımdır. Xəstəlik Azərbaycanda özəl tibb mərkəzində reabilitasiya olunur. Reabilitasiya üçün Buzovna və Mərdəkanda dövlət tibb müəssisələri də var. Bir neçə dəfə uşağı ora aparmışam. Ancaq orada çox sıxlıqdır. Uşaq üçün şərait yoxdur".

Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli söylədi ki, ölkədə icbari tibbi sığorta tətbiq olunub. İcbari tibbi sığorta uşaqlarda bütün proseslərdə yüz faizlik təminat verib:

"Belə mövzulara diqqət yetirilməlidir. Əmin olmaq lazımdır ki, bu addımı atan şəxslər sui-istifadə hallarına yol verməsinlər. Əgər pul yığma aksiyaları uşaqların müalicəsi üçün həyata keçirilirsə, yaxşı olardı, ilk olaraq dövlət müəssisələrinə müraciət edilsin. Dövlət orqanlarında xəstə uşaqların müalicəsinə görə pul tələb edilirsə, bu artıq rüşvət predmeti sayılır. Məsələ ilə əlaqədər istənilən müraciət cavabsız qalmır və qalmamalıdır.
Araşdırılmalıdır ki, dövlət tərəfindən icbari tibbi sığorta yolu ilə müalicəyə cəlb olunan uşaqlardan kimlər pul tələb edir? Hazırda pul toplayan insanların daha çox əziyyət çəkdiyi xəstəliklərin serebral iflic və infeksion xəstəliklər olduğu iddia olunur. Bu xəstəliklər isə icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir".

Deputatın sözlərinə görə, ağır xəstəliklərin müayinə və müalicəsi üçün əvvəlcə sahə həkimləri tərəfindən müayinələr həyata keçirilməli daha sonra isə konkret xəstəliklə bağlı Uşaq Nevroloji Xəstəxanasına və yaxud digər tibb müəssisələrinə müraciət olunmalıdır. Yerdə qalan digər xəstəliklər də dövlət proqramı ilə əhatə olunub.

Son olaraq deputat "Çarəsiz valideyn nə etməlidir?"sualına aydınlıq gətirdi:

"Köməksiz valideyn ilk öncə yaşadığı ərazi üzrə (tutaq ki, bölgədə yaşayır, bu zaman mərkəzi rayon xəstəxanasına) tibb müəssisələrinin rəhbərliyinə müraciət etməlidir. Çətin sağalan və yaxud da problemi böyük olan uşaqlara həmin tibb müəssisələrində, bölgədə yardım göstərilir. Daha sonra elektron və ya kağız formasında göstəriş verilir icbari tibbi sığortanın tibb müəssisələrinə. Hesab edirəm ki, hazırda proses maarifləndirmənin aşağı olması ilə bağlı bir qədər qəlizləşib. Bəlkə də, elə bir infeksion xəstəliyə görə pul toplanır ki, həmin xəstəlik dövlət tərəfindən ödənişsiz şəkildə müalicə olunur. Mənim özümdə də hər zaman sual doğurur ki, əgər xəstəxanalarımız, tibb müəssisələrimiz bu balacaların müalicəsini həyata keçirə bilirsə, niyə belə vəziyyət yaranıb? Məncə, Uşaqlarla bağlı proseslər manipulyasiya ilə əlaqəlidir. Məqsəd nədir? Kim bu işi aparır? Bunlar araşdırılmalıdır?"

Banu HÜSEYNLİ
BAKU.WS