17 yaşlı Ayselin qan donduran hekayəsi: "Mənə əxlaqsız videolar göstərirdi ki, bax, anandır" (FOTO)

17 yaşlı Ayselin qan donduran hekayəsi: Mənə əxlaqsız videolar göstərirdi ki, bax, anandır (FOTO)
Sosial 8488

Ayselin valideynləri ayrılanda 12 yaşındaydı. Özündən kiçik qardaşı, bir də bacısı vardı. Aysel və 9 yaşlı qardaşı Vüsala əvvəldən ata nənəsi baxıb. Ona görə də bu ayrılıq onlar üçün elə də fərq etmir. Amma Leylaya asan olmur. Ayselin atası evini arvadına verib 2 yaşındakı Leylanı da götürüb ata yurduna geri dönür. Anası da qapıya qıfıl vurub öz ata evinə dönür. Hər şey bundan sonra başlayır.

Apreldə  Ayselin 17 yaşı olacaq. BAKU.WS lent.az-a istinadən bildirir ki, bir aya yaxındır "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb. Bura Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilib.   Qarşımda balaca qızcığaz oturub. Toxumağı çox sevir. Özü üçün corab toxumağa çalışır. Hərdən barmağını ipdən çəkib uzun qara saçına sığal çəkir, yaşından irəli gələn ədasıyla göz-qaşını oynada-oynada bu günə qədər yaşadıqlarını danışır.   - Anam 16, atam 17 yaşı olanda qoşulub qaçıblar. Mən dünyaya gələndə anamın 17 yaşı olub. Doğulan gündən atamın məni görməyə gözü yoxuydu. Çox pis davranırdı, daim döyürdü, söyürdü. Ayrılandan sonra mənə qarşı münasibəti daha da pisləşdi.   Ayselgilin ailəsi Ağdaş rayonundandır. Ərindən ayrılsa da, Nüsrət keçmiş arvadını harada görsə, tutub döyürmüş. Bir müddət sonra Nüsrət keçmiş qaynatasından polisə şikayət edir.   - Özü özünü bıçaqlayıb şər atdı ki, guya babam onu bıçaqlayıb. Anamın yanına getmək istəyirdim, atam qoymurdu. Döyməkdən betər, dəhşət işlədirdi məni. Əkin əkdirirdi, yer bellədirdi. O vaxtdan ayağımda damar genişlənməsi yaranıb.   Bir müddət sonra Nüsrət yenidən evlənir. Kənddən gənc yaşda dul qalmış qadınla, özü də qeyri-rəsmi.   - Qadın bizə yaxşı davranırdı. Amma atam hədəqəsindən çıxmışdı. Anama qarşı münasibətim dəyişsin deyə, mənə əxlaqsız videolar göstərirdi ki, bu sənin anandır. Mən də inanmırdım. Beş-altı aydan sonra elə oldu ki, anamla barışdılar. Qaytardı atasının evinə. Bizdən gedəndə o qadın hamiləydi. Sonradan o uşağı abort etdirdilər.   - Bu qədər hadisədən sonra anan niyə atanla barışdı?   - Balaca evdə qardaşlarının ailəsiylə ona çox çətiniydi. Dayım arvadları yola vermirdilər. Məcbur barışdı. Bacım da körpə idi. Anasız durmurdu. Atam anamla barışandan sonra bütün nəsil ondan imtina etdi, dindirmədilər. Çünki ayrılanda nənəm atama çox dedi ki, get arvadınla barış, ailəni dağıtma. Atam eşitmədi, babamı polisə verdi, anam haqqında əxlaqsız sözlər dedi. Nənəm də dedi, elə ki, belədir, onda barışsan, sən adda oğlumuz yoxdur.   - Məktəbə getmirdin bəs?   - Gedirdim. Daha doğrusu, adım gedirdi. Özüm günlərlə getmirdim. Ona qədər dərslərimi çox gözəl oxuyurdum. Yaxşı əl qabiliyyətim var. Rəssamlığı sevirdim. Diplomlarım belə vardı. 9 illiyi bitirəndən sonra atam məktəbdən çıxardı məni.   Beləcə Ayselin o ailədə günləri bir-birindən pis keçir. 2015-ci ilin yayında o, atasından cəmi 4 yaş kiçik kişiylə nişanlanır.   - Oğlan məndən 15 yaş böyük idi. Dayımla da yaşıd. Mənimsə 16 yaşım vardı. Elçi gələn günü axşamı nənəmgilə yığışdılar. Atam dedi ki, verəcəm. Onda mən ağladım ki, istəmirəm. Atam məni döydü, yerlə sürüdü. Evdəki böyük televizoru aşırdı üstümə. Məni atamın əlindən əmim aldı. Xəstəxanaya apardılar. Həkim dedi, təcili əməliyyat olunmazsa, kor bağırsağı partlayacaq. Atam elətdirmək istəmirdi, anamın təkidi ilə əməliyyat olundum. 3-4 gün sonra gəldim evə. Hələ tikişlərim sökülməmişdi. Yaramı tuta-tuta hərlənirdim. Elə vəziyyətdə mənə kələm əkdirdi. Yaram qanadı, nənəm dərman bağladı. İki gün sonra tikişimi sökdülər, elə həmin də məni verdi. Oğlan atamgilin qohumlarıydı. Bir az da pullu idilər. Oğlana da demişdim ki, onu istəmirəm. Deyirdi, olsun, mən istəyirəm, bəsdir. Nişan oldu. Həmin gün gecə nişan paltarım əynimdən çıxmamış yenə məni döydü. Əmim gördü, o da atamı döydü.   Nişan olsa da, Aysel heç cür nişanlısına alışa bilmir. Görüşlərdən imtina edir, oğlana yaxınlıq vermir. Bunu görən əmisinin oğlu Ayselgilə gəlir və...   - Böyük əmim Qarabağ müharibəsi əlilidir. Ondan hamı çəkinir. O vaxtkı məsələdən sonra hamı atamla barışsa da, tək o əmim barışmadı. Onun oğlunun mənə yazığı gəldi və oğlan evinin nişanda gətirdiyi çamadanları küçəyə tökdü. Amma xeyri olmadı. Atam yenə nişanı qaytarmadı. Bundan bir müddət sonra oğlangil bizi qonaq çağırdılar. Qaynanam mənə dedi ki, sabah qonşuda toy olacaq, hazırlaş, səni də aparacam. Atamın da acığı tutdu ki, məni çağırmayıblar, qızımın orada nə işi var? Qaynanam da dedi ki, qızı bizə vermisən, bizi çağırıblar.   Oğlangildən gələndən sonra atasıyla anasının mübahisə etdiyini görür. Qudasının hərəkətindən pərt olan Nüsrət acığını qızından çıxmaq istəyir.   - Gördüm, anam atama yalvarır. Atamın da əlində balta var. Anamı itələyib üstümə gəldi, baltanı başına qaldıranda mən əyildim. Balta arxamdakı xalçaya saplandı. Qardaşım necə qorxdusa, qolları tutuldu, bacım da qışqırmağa başladı. Anam atamın qollarını tutdu ki, qaç. Qaçdım babamgilə.   O gündən sonra Ayselin həyatında qaçdı-qovdular başlayır.   - Babamgildən 102-yə zəng elədim. Polislər gəldilər. Balaca əmim məni çox istəyirdi, mənə dedi ki, şikayətini geri götür, mən sənə söz verirəm, bir daha səni döyməyəcək.   Bir daha döyülməyəcəyinə inanan balaca qızcığaz şikayətini geri götürür.   Ondan sonra əmim məni apardı evinə. Əmim evdə olmayanda atam gəlib məni döyüb gedirdi. Nişanlımgil də əmimgilə gəlib-gedirdilər. Məni döydüyünə görə onlar da atamı danışdırmırdılar. Nişanlımın atası mənim üstümdə atamla dalaşmışdı. Nişanlımgil əmimgilə gəlmişdilər ki, atam da gəldi gördü. Dedi, qızı məndən alıb əmisinin evində gəlib görürsünüz?! Nişanda gətirdikləri çamadanları atdı küçəyə. Nişan qayıtdı.   Ayselin əmisigildəki rahat həyatı çox sürmür. Atası məcbur evə qaytarır.   - Əmim evliydi. Mən gəlinbacıma kömək edirdim. Yaxşı yola gedirdik. Atamın da paxıllığı tuturdu. Əmim yeyib-içən adamıydı. Evlərinə dostları gəlirdilər. Atam söz çıxartdı ki, guya dostları o evə mənə görə gəlir.   Bu bəhanəylə 2015-in avqustunda Nüsrət Ayseli Bakıya gətirir.   - Nişan qayıdandan sonra atamgil köçdülər Bakıya. Bir tək qardaşım kənddə qaldı. Oğlanın ata-anası arada zəng edirdilər ki, barışıq olsun. Atam da barışmaq istəyirdi. Mən yenə ağladım. Bakıda Eldar əmimgillə bir həyətdə qalırdıq. O qoymadı. Ondan sonra yenə məni döyməyə başladı. İçirdi, gəlirdi, məni döyürdü. Siqareti qurtarırdı, gecə saat 2-də məni mağazaya göndərirdi. Artıq bezmişdim. Dəfələrlə evdən qaçmaq istəyirdim. Masazırı da tanımırdım deyə heç yerə qaça bilmirdim. Neçə dəfə məni döyəndə qonşular həyətə yığılmışdılar. Kimə hirslənsə, acığını məndən çıxırdı.   Həmin ilin payızında Nüsrətin atası rəhmətə gedir.   - Kəndə qayıtmaq istəmirdi. Bilirdi ki, kəndə gedən kimi onu polisə verəcəm. Yasa görə məcbur kəndə qayıtdıq. Babam yeddisi çıxanda atamı işdən çağırdılar. Bizi də aparmağa pulu olmadı. Biz kənddə qaldıq. Sonradan mamam Bakıya dönəndə, mən kənddə qalmaq istədim. Anam atama zəng elədi ki, gəlmir. Dedim, ya onu polisə verəcəm, ya burada qalacam! Dedi, dəymə, özüm gəlirəm. Atasının kəndə gəldiyini eşidən Aysel yenə evdən qaçır.   - Atamın əmisi qızı Məhəbbət xalagildə gizləndim. Gecə onlarda qaldım. O, məni axtarıb tapmadı. Əmim oğlundan xahiş etdim ki, mənə telefon tapsın. Məni tutub-eləsə, 102-yə zəng edim. Dedi, mənim telefonum yoxdu, sən Bəhlula de. Bəhlul da əmim oğlunun xalası oğludur. Onunla da dost kimiydik. Məhəbbət xalanın oğlunun telefonundan Bəhlula zəng elədim. O, mənə telefon göndərdi. Məhəbbət xalanın oğlu görüb ki, atam əlində bıçaq onların evi tərəfə gedir. Kimsə yerimi xəbər verib. Mənə yazdı ki, Aysel, qaç, atan gəlir! Oradan da qaçdım İsmayıl dayıgilə.   İsmayıl dayı Ayseli evinin zirzəmisində gizlədir.   - Atam İsmayıl dayıgilə də gəldi. Zirzəmidən çıxmadım. Qapını döyüb-döyüb getdilər. Sonra mənə zəng etdilər ki, haradasan. Yalandan dedim ki, minmişəm maşına, Ləkiyə tərəf gedirəm. Onlar da inanıb çıxıb getdilər evə. Mən də qaldım İsmayıl dayının zirzəmisində. Düşündüm, burada nə qədər qalmaq olar? Telefonu götürüb, zəng etdim polisə.   Polislər isə Ayseli də götürüb gedirlər Nüsrətin evinə.   - Atam məni görən kimi başladı qışqırmağa ki, telefonu ver. Bəhlulun mənə telefon verməyini yozmuşdular. Guya bizim aramızda nəsə var. Bəhlul mənim dostum idi. Onun öz sevdiyi vardı. Polisin maşının təpikləməyə başladı. Polis məni də götürüb gətirdi şöbəyə. Atam da gəldi. Hamını da inandırmışdı ki, guya Bəhlulla mənim aramda nəsə var. Anam daxil kimsə mənə inanmırdı. Polis atama dedi, siz qardaşların əlindən boğaza yığılmışıq. Dəqiqəbaşı şöbədəsiniz. Atam da polisə söydü, məni göstərib dedi, bu qız bu gün bu şöbədən çıxan kimi başını kəsəcəm! Bunu deyən kimi polis atamı tutub saldı nəzarətə.   Həmin gecə ata-bala Ağdaş Rayon Polis Şöbəsində qalırlar. - Səhəri məni ana babama verdilər. Babam gətirdi məni evinə. Sonra Bakıdakı Elnur əmimin arvadı zəng elədi ki, şikayətini geri götür, gəl bizə, biz sənə baxacağıq. Mən də inandım, ərizəmi geri götürdüm. Atam bizi Bakıya yola saldı. Mən onunla eyni maşında getmək istəmədim deyə, məni, bacımı və anamı ayrı maşınla göndərdi. Bir-iki gün əmimgildə qalandan sonra atam gəlib məni evə apardı. Söz verdi ki, daha döyməyəcək.   Verdiyi sözə baxmayaraq, Nüsrət Ayseli yenə döyür. Bundan sonra Aysel dəfələrlə evdən qaçır, atası tutub gətirir. Hər evə dönüşdə də Aysel bir əvvəlkindən də bərk döyülür. Nəhayət o, birtəhər gəlib rayona çıxır. Kənddə onu Bəhlul qarşılayıb, onu qohumugilə aparır.   - Bir neçə gün qaldım onlarda. Sonra ata nənəmlə ana babam dalımca gəldilər, balaca əmimgilə gətirdilər. Atamın dayısı Rusiyada rəhmətə gedəndə atamgil yenə kəndə gələsi oldular. Dayısının üçü çıxandan sonra qardaşıma dedi ki, mənə zəncir gətir, bunu Bakıya aparıb it kimi zəncirləyəcəm. Həmin gecə evdən qaçdım qəbristanlığa. Gecə düşdü, qorxmağa başladım. Hamı yatandan sonra qayıtdım əmimgilə. Gəlinbacım dedi, atan səni axtarır. Qaçdım İslam əmigilə. Gəlinbacım əmimə deyib, o da gəlib məni götürdü. Bir qədər əmimgildə qaldım. Bakıdakı əmim dayısının cümə axşamına gələndə mənə tapşırdı ki, hazırlaş, səni Bakıya aparacam.   Həmin gecə Aysel yenə evdən qaçır. Qonşu kəndə.   - Bakıdakı bibim qızının rayona gəldiyini bilirdim. Əmisigilə qonaq gəlmişdi. Gecə evdən qaçdım, yolda qarşıma atamın dostu çıxdı. O, məni polisə gətirdi.   - Polis mənə dedi ki, biz səni ailənə verməliyik. Atan sənin qəyyumundur. Oradan getdim prokurorluğa. Prokurorluqdan təkrar şöbəyə göndərdilər ki, get, ərizə yaz. Gəldim, ərizə yazdım. 1-2 gün şöbədə qaldım. Sonra göndərdilər Ağdaş Rayon İcra Hakimiyyətinə. Oradan atamı, anamı çağırdılar. Gəlmədilər. Atam hamını inandırıb ki, guya mən oğlana qoşulmuşam. Hamı məndən üz döndərdi. Heç bir qohumum məni qəbul etmədi. Orada xadimə qadın vardı, tək yaşayırdı. Dedilər, 2-3 günlük məni evində saxlasın. O qadın  mənə yaxşı baxdı. Sonra Bakıya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zəng etdilər. Oradan Tural bəylə, Vəfa xanımla danışdım. Bazar günü olduğundan Komitə işləmirdi. Dayım qızının evində gecələyib, birinci gün Komitəyə getdim. Anam da mənimlə gəldi. Anamı danladılar ki, uşağı təhsildən yayındırmısınız. Anam hər şeyi dandı, günahı mənim üstümə atdı.   Uzun sözün qısası, atası yenə Ayseli tapır və evlərinə aparır. Bu dəfə indiyə qədər etdiyi hər şeyin qısasını Ayseldən çıxır. Ən pis söyüşlərlə onu təhqir edir. Hər kəsdən ümidi kəsilən Aysel atasından qurtulmaq üçün son şansını sınayır.   - Məni otağa salıb, qapını bağlamışdı. Birdən yadıma düşdü ki, pəncərənin dəmir barmaqlığı yoxdur. Bacımı da geyindirib pəncərədən çıxdım. Anamın iş yerinə getdim. Mən oraya çatanda Komitədən Vəfa xanım anama zəng elədi. Anam telefonu mənə vermək istəməyəndə, zorla telefonu alıb Vəfa xanımla danışdım. Dedi, gəl komitəyə, ərizə yaz. Səni sığortalayaq. Anam dedi, yumurta alım,  bacınla yeyin. Yalandan dedim, yaxşı. Yumurtaları bacıma verib, evə ötürdüm. İcra hakimiyyətindən mənə pul vermişdilər. Evdəkilər əlimdən almasın deyə pulu saçımda gizlətmişdim. Gəldim Komitəyə. Uşaq evlərinə zəng elədilər, bir tək Gəncədə yer oldu. O da dedilər ki, əgər anası uşaqlarıyla gəlsə, qəbul edərik. Tək qəbul eləmirik. Anama zəng elədilər, anam qəbul eləmədi. Ondan sonra "Təmiz Dünya"ya zəng elədilər.   Elə həmin gündən, yanvarın 22-dən burada qalır. Həyatından isə razıdır. Atasından qurtulduğu üçün sevinir. Arzusu? Arzusu isə təhsil almaqdır. BAKU.WS

Oxşar xəbərlər

Ən gözəl uşaq modellər (FOTO)

Ən gözəl uşaq modellər (FOTO)

Bu balaca gözəllər dünyanın ən gözəl uşaq modelləridir. Yaşlarının az olmasına baxmayaraq dünyaca məşhur bir çox modelə meydan oxuyurlar. BAKU.WS sizə dünyanı...

6536 Şou-biznes 19:06 15 yanvar 2016

Son xəbərlər