1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin - QAYDALAR - SİYAHI - VİDEO
Azərbaycanda bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Lakin bəzi vətəndaşlar buna dırnaqarası yanaşır, inanmır və öz bildiyi yollarla müayinə və müalicə olunmağa üstünlük verirlər.
Ötən gün belə vətəndaşlardan biri ölkədə pulsuz tibbi xidmətin həqiqətən mövcud olub-olmamasını şəxsən dəqiqləşdirmək qərarına gəlib. BAKU.WS-in "qaynar xətti"nə məlumat verən vətəndaş bir manat ödəmədən necə dərdinə əlac tapmasından danışıb.
O bildirib ki, bir müddət öncə bədən nahiyəsindən zərbə alıb və şiddətli ağrıdan əziyyət çəkib. Bu səbəbdən pulsuz tibbi sığortadan istifadə etməyi qərara alıb. M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına yollanıb və lazım olan tibbi xidmətlərdən (həkim müayinəsi və rentgen xidməti) pulsuz istifadə edib. Bunun üçün isə ona sadəcə şəxsiyyət vəsiqəsinin üzərində olması yetərli olub.
Məlumat üçün bildirək ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.
Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısı
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda, vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.
Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər
Sizə lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu aşağıdakı elektron axtarış sistemi vasitəsi ilə müəyyənləşdirə bilərsiniz.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...