SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı sakini Samir Əliyev mağazalarda alıcıların aldadılmasından şikayətlənir.


Sakin BAKU.WS-ə şikayətində bildirib ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Favorit” marketdə alış-veriş etdikdə alıcılar istənilən halda uduzur. Çünki marketdə malların üzərində bir qiymət vurulur, kassada isə alıcıya başqa qiymət deyirlər.

 

"Bir də görürsən ki, vitrində olan məhsulun üstünə yazılan qiymətlə kassada alıcıdan tələb olunan məbləğ üst-üstə düşmür. Həmişə də məhsulu baha qiymətə satırlar. Bundan başqa, kassalarda oturanlar alıcıların 5-10 qəpiyini kəsirlər”, - deyə Samir Əliyev şikayətlənib.

 

Əslində belə hallar bir çox marketlərdə baş verir. Vitrində məhsulun üstünə aşağı qiymət yazırlar. Müştəri onu alanda isə ondan çox pul istəyirlər. Səbəbini də atırlar malı piştaxtaya vuran işçinin üstünə. Belə halların hamısı alıcıların ziyanına işləyir.


Ekspertlər hesab edirlər ki, belə supermarketlərin "biznes uğuru” istehlakçı hüquqlarının pozulması üzərində qurulubAzad İstehlakçılar Birliyininin sədri Eyyub Hüseynov BAKU.WS-ə açıqlamasında sahibkarların qəsdən işçilərinə belə tapşırıqlar verdiyini bildirib: "Bu da reklamın bir növüdür. Kənardan elə görünür ki, mağazada bütün mallar ucuzdur. Amma əslində isə malı dəyərindən baha satırlar. Belə hallar həm də sahibkarı vergidən yayındırır", - deyə Eyyub Hüseynov bildirib.


Eyyub Hüseynovun fikrincə marketlərdə xırda pulların geri qaytarılmaması da istehlakçıların hüquqlarını pozur: "Hər gün bununla bağlı təşkilatımıza zənglər daxil olur. Bu zaman iki problem yaranır. Satıcılar ya xırda pulları qaytarmırlar, ya da onun əvəzinə alıcının istəyindən asılı olmayaraq, kiçik həcmli mal, məhsul verirlər. Hər iki halda istehlakçı hüquqları pozulur. Dövlət orqanları bu məsələyə qarışarsa, biznes qurumlarını cərimələr gözləyə bilər. Mağazalar xırda pulun olmadığını bəhanə etməklə özlərinə "artıq qazanc" götürməyi düşünürlər. Xırda pulun yerinə hansısa mal verilirsə, bu zamanda satılmayan, ya da az satılan malların satışını həyata keçirirlər".
 
Dövlət qurumlarında da vətəndaşlara belə hallar baş verdikdə ehtiyatlı olmağı məsləhət bilirlər. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, xırda pulların qaytarılmaması inhisar hallarının pozulmasıdır. Onun sözlərinə görə, həmişə bununla mübarizə aparılıb və günahkar sahibkarlar cəzalandırılıb.

"İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən alıcıların hüquqlarının pozulmasının qarşısı alınır. Bu istiqamətdə yoxlamalar aparılıb. Vətəndaşlar da belə hallarla rastlaşdıqda nazirliyin 012 498 15 01 və 012 498 15 04 nömrəli telefonlara zəng vursunlar”, - deyə Abbas Əliyev bildirib.

Ziya Səccad
BAKU.WS