SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə tanınmış müğənni, Əməkdar artist Vasif Məhərrəmli zərərçəkmiş qismində ifadə verib.

Müğənni bildirib ki, M.Mahmudov ona xəbər göndərib:

“Deyirdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və orada yaşlı qadın saxlayıram. Mən ona dedim ki, almışam, öz işimdir. Soruşdum ki, bu informasiya onda haradandır? Dedi ki, mənə bir xanım məlumat verib. Dedi ki, öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maqsud Mahmudov canlı efirdə heç nə demədi. Bizim münasibətimiz yarandı. Mən ona dəfələrlə dedim ki, kimlərinsə küyü ilə efirdə məlumatlar danışmasın. Mən bunu ona tövsiyə etdim”.

Əməkdar artist deyib ki, bir müddət sonra M.Mahmudov müğənni Cavanşir Məmmədovla bağlı danışmağa başlayıb:

“Mən Maqsuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maqsud sakit oturdu. Bir müddətdən sonra müğənni Manaf Ağayevlə bağlı danışmağa başladı. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızından pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat pul verdim. Maqsudu şəxsən görməmişəm. Pulu başqa bir şəxsə verdim. İndi mənim pulumu qaytarmayıb. Tələbim odur ki, mənim min manatımı versə, yaxşı olar”.

Təqsirləndirilən Maqsud Mahmudov zərərçəkənin ifadəsi ilə bağlı bildirib ki, Vasif Məhərrəmli zəng edib və danışıb:

“Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürəm? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də, bir saata silindi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Manaf Ağayevlə Vasif Məhərrəmlinin İlham adlı dostunun ona 30 min manat borcu olub:

“Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, ona deyər. Dedim ki, pulumu 3 min, 3 min qaytarsın. Vasif zəng elədi, onunla danışdı və mənə bildirdi ki, pulu başqa adama vermişəm. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm”.

Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: “Maqsud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maqsud belə deyir. Manaf dedi ki, "mən niyə ona pul verməliyəm?" Mən heç nə demədən pulu göndərdim”.

Proses davam edir.

***

Əməkdar artist Vasif Məhərrəmli dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəməyə çağırılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, V.Məhərrəmli bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilib.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

BAKU.WS