SİZİN REKLAM BURADA!
055 213 76 73


"İndi ən ciddi yaradıcılıq prosesləri məhz İTV-də gedir. Biz də bunu görür, qiymətləndiririk".

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli deyib.

“Televiziyada onun formatına və fəlsəfəsinə uyğun diskussiya proqramları maraqla qarşılanır. İctimai TV-də son illər ciddi axtarışlar hiss olunur. Maraqlı yaradıcılıq formatları rəğbətlə qarşılanır. Məsələn, “Diqqət mərkəzi”, “Sabaha saxlamayaq” kimi verilişlər qısa zamanda ciddi populyarlıq qazanıb. Əlbəttə, İTV-dən gözləntilərimiz daha çoxdur. Müsəllim Həsənovun apardığı “XXI əsr” verilişi Azərbaycan teleməkanında ən uğurlu layihələrdən biridir. Belə verilişlərin sayının çox olmasını istərdik. Eyni zamanda İTV-nin xəbər proqramının güclənməsi, diskussiyaların artması da arzumuzdur. Plüralizmə daha çox yer verilməsi, əks fikirlərin TV proqramlarda ifadəsi çox mühümdür. Əlbəttə, hazırkı reallığı nəzərə aldığımıza görə bunun çətinliklərini də anlayırıq”, - o bildirib.

“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas isə özünün tez-tez müxtəlif kanallarda çıxış etdiyinə görə teleməkana müəyyən mənada bələd olduğunu vurğulayıb: "Yəni təkcə tamaşaçı kimi yox, həm də mühiti, kollektivi görən adam kimi İTV-nin fəaliyyətini müsbət dəyərləndirirəm. İTV-nin yaxşı, cəlbedici verilişləri var. Maraqla izləyirəm. Kanal rəhbərliyinə, kollektivə uğurlar arzulayıram".

“Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı da İTV-nin ünvanına səslənən fikirlərə münasibət bildirib:

“Deputat Fazil Qəzənfəroğlu İTV ilə bağlı müəyyən tənqidlər sadalayıb. Lakin, məncə, İTV daha az tənqidə layiqdir. Kanalın son illərdəki fəaliyyəti bunu sübut edir. İTV dünya standartlarına uyğun olaraq abunəçilərin vəsaiti hesabına maliyyələşməlidir. Bizdə isə dövlət də bu kanala maliyyə vəsaiti ayırır. Bu gün İTV əvvəlki illərə nisbətən daha balanslıdır”.

Tanınmış aparıcı Turan İbrahimovun fikrincə, hazırda İctimai TV-nin yaradıcılıq və informasiya siyasəti doğrudur:

“Efirini estetik baxımdan möhtəşəm qurub. Məzmun baxımından da yaxşıdı. Ən əsası odur ki, İTV-yə baxanda adamın özünə və mənsub olduğu cəmiyyətə hörməti artır, utanmır, natamamlıq travması almır”.

O, İTV-də yeganə saydığı problemə diqqət çəkib:

“İTV-nin bircə problemi var. O problemin də səbəbi qətiyyən özü deyil. İçində bu gün onu tənqid edən deputatların da olduğu riyakar insanların toplusudu. O toplum ki, danışanda yüksək dəyərlərdən, səviyyədən danışır, seçimə gələndə isə tam əksini edir…”

Qeyd edək ki, Milli Məclisin dekabrın 30-da keçirilən iclasında deputatlar Fazil Mustafa, Siyavuş Novruzov və Fəzail Ağamalı İTV-nin fəaliyyətindən narazılıqlarını bildiriblər, televiziyanı parlamentin fəaliyyətini işıqlandırmamaqda ittiham ediblər.

BAKU.WS