SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "unikal"a Minarə Əliyeva özü məlumat verib:

"1962-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşam. Soyadım heç bir zaman dəyişilməyib. Hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsi 3 saylı məktəbdə riyaziyyat-informatika müəllimi işləyirəm. İki ali təhsilim var.

Bu ilin iyul ayında Ağcabədi "ASAN xidmət" mərkəzinə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdim və vəsiqə aldım. Heç bir problem yaşamadım. Bizim rayon təhsil şöbəsinin mühasibatlığında mənimlə müqavilə bağlanan zaman isə mühasib sənədi işləyə bilməyib.

Bizim məktəbin direktoruna mənim vəfat edib-etmədiyimlə bağlı müraciət edib. Direktor hazırda dərsdə olduğumu bildirib. Onun sözlərinə görə, sənədimi işləyən zaman məlum olub ki, mən Ədliyyə Nazirliyinin saytında ölmüş kimi qeyd olunmuşam".

M.Əliyeva əlavə edib ki, bununla bağlı yenidən Ağcabədi "ASAN xidmət" mərkəzinə müraciət edib: "Oradan bildirdilər ki, 1971-ci ildə mən guya Kəlbəcər rayonunun yaylağında vəfat etmişəm, Ağcabədi rayonu, Hindarx qəsəbəsində dəfn olunmuşam.

Orada da qeyd etdim ki, hazırda sağam və qarşınızda dayanmışam. Ağcabədi qeydiyyat şöbəsinə müraciət etməyi məsləhət gördülər.

Orada da arxiv sənədlərini açdılar və məlum oldu ki, ölmüş şəxs kimi göstərilmişəm. Qeyd etdim ki, bu məsələ mənə probem yaradır. Əmək müqaviləsi bağlaya bilmirəm. Bildirdilər ki, bunu məhkəmə yolu ilə həll etmək olar.

Yaşadığım halda ölü kimi sənədləşdirilmişəm. Hazırda bu səbəbdən müqavilə bağlaya bilmirəm. Aidiyyəti qurumlardan bu məsələ ilə bağlı kömək etmələrini xahiş edirəm".

BAKU.WS
QALEREYA