SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti anomal istilərlə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən də əhaliyə isti hava ilə bağlı xəbərdarlıq edilib.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, isti havada açıq havada işləmək olmaz.

“İşəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Qurumdan bildirilib ki, qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır:

“Məcəlləyə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir”.

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də açıqlama verilib. Qurumun mətbuat xidmətinin rəhbəri polis polkovniki Vaqif Əsədov bildirib ki, isti hava şəraitində soyuducu sistemi olan nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir.

“Ən azından günorta saatlarında yola çıxmaqdan çəkinin. Sükan arxasında yorğun halda oturmayın. Çünki isti və boğanaq hava sürücünü daha da yorğun edir. Sürücülər çox diqqətli olsunlar. Uzaq yola çıxmaqdan çəkinin”, - deyə Vaqif Əsədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS