SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son 20 ildə dövlət və din münasibətlərinə diqqət yetirsək, ürəkaçan mənzərənin şahidi olarıq. Ölkədə dinlə bağlı məsələr elə tənzimlənir ki, nəinki müsəlmanlar, hətta digər dinlərin mənsubları da rahat şəkildə özlərini ifadə edə bilirlər. Azərbaycan Respublikası çoxmillətli dövlət olduğu üçün ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Bunu nəzərə alaraq müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ölkəmiz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

Azərbaycanda dinlərarası mədəniyyətin, eləcə də müxtəlif dinlərin daşıyıcıları arasında münasibətlərin formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olub. Məhz Dini Komitənin 20 il əvvəl fəaliyyətə başlaması ilə dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatını həyata keçirilməsi və digər istiqamətlərdə işlər peşəkar və sistemli şəkildə həyata keçirilməyə başlayıb.

Azərbaycan dini və milli tolerantlıq baxımından dünyaya örnək sayılacaq bir ölkədir. Ölkəmizdə müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Bundan əlavə həmin dinlərə məxsus ibadət ocaqları da ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir. Azərbaycanın dünyaya təqdim etdiyi nümunə ondan ibarətdir ki, ölkəmizdə dinlərarası, həmçinin məzhəblərarası heç bir qarşıdurma baş vermir və insanlar bir-birinin inanclarına sayğı ilə yanaşırlar.

Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan onlayn iclasda məlumat verilib. Bildirilib ki, ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır.

Azərbaycan tolerantlıqla bağlı sözdə deyil, əməldə olan nümunəsini 44 günlük Vətən Müharibəsində də nümayiş etdirdi. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşlərə qatılanlar arasında təkcə müsəlmanlar deyil, həmçinin xristian və yəhudi vətəndaşlarımız da oldu. Məhz xristian və yəhudi qardaşlarımızın Vətən Müharibəsini canını fəda etməyə hazır olması ölkəmizdə dinlərarası vəhdət və birliyi bir qədər də artırmış oldu. Belə bir nümunəyə dünyanın barmaqla sayılası ölkəsində rast gəlmək mümkün olsa da, Azərbaycan dinlərarası vəhdəti ilə də tarix yazmağı bacardı.

Əslində xristian və yəhudi vətəndaşların müharibəyə qatılmağa razılıq verməsi onların bu ölkəni, onun bütün qarışını, eyni zamanda əhalisini özündən saymasını göstərir. Belə bir düşüncə və ideya o zaman formalaşır ki, digər dinlərin nümayəndələri özlərinə qarşı hər hansı diskriminasiya görmür, xoşagəlməz halla üzləşmir və qardaşlıq, dostluq və sülh içində yaşayır. Azərbaycanın bütün regionlarında belə bir vəziyyətin hökm sürməsi ölkəmizin dinlərarası vəhdət mövzusunda böyük bir nəticə əldə etdiyini ortaya qoyur.

Digər tərəfdən ölkəmizdə müxtəlif dini icma üzvlərinin, əksər məscidlərə toplaşan inanclı vətəndaşlarımızın Vətən Müharibəsində iştirak etməklə bağlı könüllü müraciət etməsi, döyüşlərin başladığı ilk günlərdən səngərlərdə yer alması, bəzilərinin şəhid, bəzilərinin isə qazi olması ölkəmizdə din və dövlət arasında vəhdəti ortaya qoydu. Azərbaycanda inanclı gənclər Vətən Müharibəsi zamanı həm döyüşlərdə iştirak etmək, həm də cəbhəyə müxtəlif yardımların aparılmasını təşkil etmək, o cümlədən ruhanilərin döyüşlərin getdiyi vaxt cəbhə bölgələrinə yollanması ölkədə dindarların dövlətin yanında olmasını ortaya qoyub.

Gərgin geosiyasi məkanda, müxtəlif sivilaziyaların toqquşduğu bölgədə, dini zəminli toqquşmaların sərhədində yerləşən ölkəmiz bütün bu təhdidlərin qarşısında nəinki duruş gətirir, hətta bu sahələr üzrə öz inkişafının mükəmməl nümunəsini formalaşdırır. Bu gün Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olub. Təsadüfi deyil ki, Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə olduğu kimi bir-birləri ilə qanlı ziddiyyətlər aparan dini konfessiyalar məhz respublikamızda qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir və qanunun tələblərindən kənara çıxmırlar.

Zaman-zaman ölkəmizə xarici ölkələrdən müəyyən müdaxilə hallarına rast gəlsə də, məhz təhlükəsizlik orqanlarının müdaxiləsi bunun qarşısını vaxtında almağa yardımçı olub. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə gedən vətəndaş müharibələrinə cəlb edilməsi, müxtəlif terror qruplarına daxil olma halları hazırkı dönəmdə sıfıra endirilib. Aparılan müharibələrin heç bir dəyərə söykənməməsi, insanların vəhşicəsinə qətlə yetirilməsi və xarici müdaxilələrin sonunun məhv olmaqla sonuçlanmasını görən bəzi vətəndaşlar da bu fikirlərindən vaz keçərək ölkəmizdə hökm sürən nümunəvi dini düşüncələri özündə tərənnüm etməyə başlayıb.

Azərbaycanda bütün dini icma üzvlərinin pandemiya şəraitində dövlətin yanında olması da təqdirəlayiq hallardandır. Pandemiyanın başladığı ilk günlərdə yoluxmanın qarşısını almaq üçün məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının müvəqqəti bağlanması ölkəmizdəki bütün inanclı şəxslər tərəfindən anlayışla qəbul olundu və buna qarşı radikal reaksiya göstərilmədi. Məscidlərin pandemiya şəraitində onlayn məclislər keçirməsi, insanları təmkinli olmağa, karantin qaydalarına riayət etməyə və dövlətə dəstək göstərməyə çağırması Azərbaycanda dövlət və din münasibətlərində daha bir etibar və uğurun göstəricisidr.

Orxan Hüseynov

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

BAKU.WS